Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanacaq

Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanacaq
26.08.2026 20:41 Sosial

Bakıda körpü və yol ötürücülərinin texniki vəziyyətinin qiymətləndirilməsi məqsədilə bir sıra mühəndis qurğularında instrumental müayinələr aparılacaq.

TodayPress TV bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Belə ki, avqustun 27-də Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən “Karl Marks” yol ötürücüsündə müayinə keçiriləcək. Müayinə zamanı nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmayacaq.

Avqustun 27-dən 28-nə keçən gecə və 28-i səhər saatlarınadək isə Pirşağı dəmir yolu üzərində yerləşən “Pirşağı”, Ceyhun Səlimov küçəsində yerləşən “Papanin” və Bakıxanov küçəsində yerləşən “Bakıxanov” yol ötürücülərində instrumental müayinələr aparılacaq.

Qeyd olunan yol ötürücülərində müayinələrin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti isə müvəqqəti məhdudlaşdırılacaq.

İnstrumental müayinələr Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən həyata keçiriləcək.

"Bildiririk ki, instrumental müayinələrin aparılması həmin qurğuların istismar üçün təhlükəli olması demək deyil. Bu, daşıyıcı konstruksiyaların möhkəmliyini, yükgötürmə qabiliyyətini və deformasiya göstəricilərini, həmçinin vizual baxışla müəyyən edilməsi mümkün olmayan qüsurları xüsusi cihazlarla dəqiq qiymətləndirməyə imkan verən qabaqlayıcı tədbirdir.

Sürücülərdən hərəkətin məhdudlaşdırıldığı müddətdə alternativ marşrutlardan istifadə etmələri və aparılan müayinələrə anlayışla yanaşmaları xahiş olunur," - qurumun məlumatında qeyd olunub.

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər