Kriştianu Ronaldodan karyera sonrası həyat etirafı: “Gələcəyim planlaşdırılıb”
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo futbolçu karyerasını başa vurduqdan sonra görəcəyi işlərdən danışıb.
TodayPress TV xəbər verir ki, o bu barədə “Vogue”yə açıqlama verib.
41 yaşlı futbolçu bildirib ki, gələcəyi ilə bağlı planları artıq hazırdır. O, futboldan sonra səyahət etmək, daha çox əylənmək və sevdiyi padel idmanı ilə məşğul olmaq niyyətindədir.
“Gələcəyim planlaşdırılıb. Məni məşğul edəcək çoxlu işim var və onlardan yalnız birini demək çətindir. Futbol böyük bir boşluq yarada bilər. Bu boşluğu yalnız bir deyil, müxtəlif yollarla doldurmaq lazımdır. Daha çox əylənmək, səyahət etmək, izləmək və çox sevdiyim padellə oynamaq, həmçinin əldə etdiklərimdən – həyat yoldaşımla birlikdə qazandıqlarımızdan zövq almağa davam etmək istəyirəm. Çünki nəticədə bu, 25 illik fədakarlıqla dolu bir yol olub”, – Ronaldo deyib.
Qeyd edək ki, Ronaldo ötən mövsüm “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 37 matçda iştirak edib, 30 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 2026-cı il dünya çempionatında isə 5 oyunda 3 qola imza atıb.
Ronaldo 5 dəfə UEFA Çempionlar Liqasının qalibi, 2016-cı ildə Avropa çempionu və 2 dəfə Millətlər Liqasının qalibi olub. O, həmçinin milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində ən çox qol vuran futbolçular arasındadır. Portuqaliyalı ulduz 5 dəfə “Qızıl top” mükafatına sahib çıxıb.
Namiq HUN
TodayPress TV