Ermənistan Avropanın bir addımlığındadır
Ermənistan hazırda Avropa İttifaqına (Aİ) indiyədək olduğundan daha yaxındır.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Markus Lammert Brüsseldə keçirdiyi brifinqdə bildirib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda ölkənin Aİ-yə üzvlük üçün müraciət prosesinə başlamağı planlaşdırdığı barədə açıqlamasını şərh edib.
Lammert qeyd edib ki, may ayında keçirilən ilk Aİ-Ermənistan sammiti, “Davamlılıq və İnkişaf Planı” çərçivəsində əməkdaşlıq, eləcə də Avropa Sülh Fondu ilə iş tərəflər arasında yaxınlaşmanın göstəricisidir.
Avropa Komissiyasının nümayəndəsi əlavə edib ki, Ermənistan Avropa inteqrasiyası prosesinin başlanması ilə bağlı qanun qəbul etməklə Aİ istiqamətində ilk addımını atıb və bunu “vacib simvolik siqnal” adlandırıb.
Bununla yanaşı, Brüsseldə xatırladılıb ki, Aİ-yə üzvlük aydın müəyyən edilmiş və namizəd ölkələrin nailiyyətlərinə əsaslanan prosesdir. Lammert bildirib ki, bu proses rəsmi üzvlük müraciətinin təqdim olunması ilə başlayır.
Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistanla nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üzərində işləməyə davam edir.
Kübra Musayeva