İran Yəməndə yatmış vulkana daş atdı - yeni qarşıdurma gəlir
Bir neçə aydır davam edən nisbi sakitlik fonunda Yəməndə son günlər vəziyyət kəskin şəkildə gərginləşib. Əsas səbəb İranın Husilərin nəzarətində olan Səna beynəlxalq hava limanına birbaşa uçuş xəttinin açılmasıdır.
Yəmən Prezident Şurası bu addımı ölkənin suverenliyinə ciddi təhdid və açıq müdaxilə kimi qiymətləndirib. Rəsmi Səna uçuşların humanitar məqsədlə olduğunu desə də, Prezident Şurası siyasi və hərbi dəstəyin yeni mərhələsi kimi görür.
Husilər isə əksinə, Prezident Şurasını “xarici qüvvələrlə əməkdaşlıqda” ittiham edərək, vəziyyəti daha da gərginləşdiriblər.
Husilərin hərbi sözçüsü açıq şəkildə xəbərdarlıq edib ki, əgər hava limanının blokadası davam etsə, onlar ölkənin digər hava limanlarını və iqtisadi obyektləri hədəfə ala bilərlər.
“Hər hansı təhdidə sərt cavab veriləcək” mesajı yeni eskalasiya üçün zəmin yaradır.
Paralel olaraq ölkənin müxtəlif bölgələrində qəbilə səfərbərliyi güclənir. Xüsusilə Cövf (Jawf) bölgəsində tanınmış qəbilə liderlərindən birinin çıxışından sonra Husilərə qarşı silahlı yığıncaqlar keçirilib.
Bu daha geniş anti-Husi koalisiyasının formalaşma əlamətidir.
Hudeydənin Tihamə bölgəsində isə vəziyyət daha kritikdir. Husilərlə yerli qüvvələr arasında döyüşlər yenidən alovlanıb, hər iki tərəfdən itkilər var. Bu ərazi strateji əhəmiyyət daşıdığı üçün burada baş verən hər hansı toqquşma ümumi münaqişənin miqyasını genişləndirə bilər.
Analitiklər hadisələrin Yəməni 2022-ci ilin atəşkəsdən əvvəlki vəziyyətinə qaytara biləcəyini deyirlər.
O dövrdə ölkədə şiddətli döyüşlər davam edirdi və humanitar böhran pik həddə çatmışdı. İndi İran dəstəkli Husilərlə Yəmən hökumət qüvvələri arasında yeni mərhələnin başlaması ehtimalı getdikcə artır.
Hələlik proseslər lokal xarakter daşııyır. Əsas oyunçuların (İran, Səudiyyə Ərəbistanı və BƏƏ-nin dəstəklədiyi tərəflər) mövqeləri nəzərə alındıqda, qaynar qarşıdurmaya bir kibrit məsafəsində olduqları aydındır.
Yəmən yenidən “unudulmuş müharibə”nin mərkəzinə çevrilmək ərəfəsindədir.
Jalə Rövşən