"BakuBus" MMC-dən vətəndaşa kurioz cavab: Kondisioner işləyəndə təşəkkür etmirsiniz, işləməyəndə zəng edirsiniz
Alim Elyar İslamoğlu paytaxtda fəaliyyət göstərən bir çox avtobuslarda kondisionerlərin işləməməsi ilə bağlı narazılığını ifadə edib.
TodayPress TV xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bu problemlə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi-ya müraciət etdiyini bildirib.
Onun sözlərinə görə, müraciətdən sonra "BakuBus" MMC əməkdaşları onunla əlaqə saxlayaraq məsələ ilə maraqlandıqlarını bildiriblər. Lakin Elyar İslamoğlu telefon danışığında səsləndirilən fikirlərə etiraz edib.
"Dedilər ki, siz heç vaxt kondisioner işlədilməsinə görə bizə zəng edib təşəkkür etməmisiniz, amma kondisioner işlədilməyən kimi şikayət edirsiniz. Bu qurumun əməkdaşları hələ də anlamır ki, komfortlu, təmiz, kondisionerli, müasir avtobuslarla vətəndaşları təmin etmək onların birbaşa vəzifə borcudur. Çünki hər dəfə qiymət artımında keyfiyyətli, komfortlu xidmət bəhanə edilir", – deyə Elyar İslamoğlu qeyd edib.
Elyar İslamoğlu, həmçinin bildirib ki, qurum əməkdaşları özləri də 60-70 avtobusda kondisionerlərlə bağlı problem olduğunu etiraf ediblər.
"Bu hələ vətəndaşa etiraf edilən rəqəmdir. Əminəm ki, real rəqəmlər bundan bir neçə dəfə artıqdır", – deyə o əlavə edib.
Qiymət Mahir