Qoyun-quzunu limuzində daşımalıdırlar? - İqtisadçı AQTA-nı yıxıb sürüdü
İqtisadçı Natiq Cəfərli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkəyə idxal olunan diri heyvanların daşınması ilə bağlı tətbiq etdiyi yeni qaydaları tənqid edib. O hesab edir ki, yeni tənzimləmələr biznesin fəaliyyətini çətinləşdirəcək və nəticədə istehlak bazarında qiymət artımına səbəb olacaq.
TodayPress TV xəbər verir ki, Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə AQTA-nın rəsmi məlumatına istinad edərək bildirib ki, bundan sonra Azərbaycana idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır və həmin nəqliyyat vasitələri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi"nin tələblərinə uyğun olmalıdır.
İqtisadçı bu qərarı "aşırı tənzimləmə" kimi qiymətləndirib:
"Yenə aşırı tənzimləmə, yenə müdaxilə, yenə də Avropa Birliyini iqtisadi baxımdan zəiflədən səhvlərin təkrarlanması. Əl çəkin insanlardan, imkan verin biznes qura, inkişaf etdirə bilsinlər. Bu qədər mənasız tənzimləmə, qadağa və cərimə nəyə lazımdır?".
O, yeni tələblərin sahibkarların əlavə xərclərlə üzləşəcəyini vurğulayıb və bunu ironik ifadələrlə şərh edib:
"Qoyun-quzunu limuzində daşımalıdırlar? Dədə-babalarımız heyvanları arabalarda daşıyıblar, məgər onlara nəsə olub? Ölkədə onlarla məzmunsuz qurum var, əksəriyyəti ləğv edilməlidir, “kiçik və effektiv” hökumət modelinə təcili keşməliyik, yoxsa iqtisadi daralma sürətlənəcək, iqtisadiyyatın çarxları bir-bir sıradan çıxacaq".
Ekspert əlavə edib ki, bu cür qərarların son nəticədə yükü istehlakçıların üzərinə düşür. Onun fikrincə, Belə qərarlar yalnız qiymətləri artırır. Biznes əlavə xərcləri məhsulun qiymətinin üzərinə gəlir.
"Yəni AQTA bu qərarla onsuz da sürətlə bahalaşan ət məhsullarının qiymətinin daha da artmasına səbəb olur", – deyə Natiq Cəfərli vurğulayıb.
Türkan İsgəndərli