Gədəbəydə ermənilərdən qisas alan Axıska türkü - "Bu da Məsmə xalanın əvəzi!" deyib düşmənin üstünə şığıdı
Tariximiz harada doğulmasından, harada böyüməsindən asılı olmayaraq, Vətənimiz uğrunda canından keçən igidlərlə doludur. Axıska türkü İsgəndər Aznaurov da belə insanlardan idi.
1956-cı ildə Özbəkistanda doğulmuşdu. Lakin 1980-ci illərin sonlarında Fərqanədə baş verən qanlı hadisələrdən sonra ailəsi ilə birlikdə Azərbaycana köçməli oldu. Bura onun ikinci yurdu idi və vaxtı gələndə o, bu yurdu qeyrətlə qorudu.
1992-ci ildə, Qarabağ müharibəsinin ən qızğın vaxtında baş leytenant İsgəndər Aznaurov könüllü olaraq cəbhəyə yollandı. Onu Gədəbəy istiqamətinə, Şınıx və Başkənd bölgəsinə göndərdilər.
İsgəndər topçuluqda əsl peşəkar idi. Onun idarə etdiyi artilleriya batareyası düşmən mövqelərini nöqtə zərbələri ilə darmadağın edirdi. Elə buna görə də qısa müddətdə hamı onu "Topçu İsgəndər" kimi tanımağa başladı.
"Mutudərə", "Ərdağı", "Kaftar qayası" və "Ləzgi daşı" kimi ən vacib yüksəkliklərin azad olunmasında onun böyük rolu olub. Erməni tərəfi radioda onun adını eşidəndə artıq bilirdi ki, bir neçə dəqiqəyə başlarına mərmi yağacaq.
İsgəndəri əsgərləri və yerli sakinlər həm də ürəyi təmiz, sadə bir insan kimi çox sevirdilər. Gədəbəydə bu gün də danışılan məşhur bir hadisə var.
Bir dəfə ermənilər kəndləri atəşə tutanda zəifləmiş bir güllə kənd sakini Məsmə xalanın ayağına dəyir. Ciddi xəsarət olmasa da, İsgəndər bunu eşidəndə bərk əsəbiləşir. Dərhal əmr verir və ermənilərin hərbi mövqelərini düz dörd saat aramsız top atəşinə tutur. Qarşı tərəfə yaxşıca dərs verdikdən sonra deyir:

"Bu da Məsmə xalanın ayağına dəyən güllənin əvəzi."
Məsmə xala sonralar onu xatırlayaraq deyirdi:
"O məni ana kimi sevirdi, mən də onu öz balam kimi bəsləyirdim, yeməyini, çayını hazırlayırdım."
İsgəndər Aznaurov 18 aprel 1993-cü ildə Gədəbəydə növbəti döyüşlərin birində qəhrəmancasına şəhid oldu. O, Bakıda, Şəhidlər xiyabanında dəfn olunub.
Ölümündən sonra, 1995-ci ildə ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi. İsgəndərin adı bu gün həm də Gədəbəy dağlarında yaşayır. Vaxtilə döyüşdüyü, düşmənə göz açdırmadığı həmin post indi xalq arasında "İsgəndər qalası" adlanır.
Jalə Rövşən