Tarix artıq həqiqətin axtarıldığı məkan olmaqdan çıxır: İsrailin qərarının məzmunu nədir?

Tarix artıq həqiqətin axtarıldığı məkan olmaqdan çıxır: İsrailin qərarının məzmunu nədir?
29.06.2026 12:00 Təhlil

XXI əsr təkcə beynəlxalq sistemi dəyişmir, o, dövlətlər arasında mübarizənin mahiyyətini də dəyişir. Əgər XIX əsrdə dövlətlər ərazilərini genişləndirirdilərsə, XX əsrdə ideologiyalar və dünya nizamı modelləri uğrunda mübarizə aparırdılar. XXI əsrdə isə gözlərimiz önündə qarşıdurmanın daha incə, eyni zamanda daha təhlükəli yeni səviyyəsi formalaşır – keçmişin şərhi uğrunda mübarizə.

Bu, artıq siyasətin ikinci dərəcəli elementi deyil, əksinə, onun əsas nüvəsinə çevrilməkdədir. Tarix artıq universitetlərdə və arxivlərdə mövcud olan neytral akademik elm sahəsi olmaqdan çıxır. O, tarixçilərin auditoriyalarını tərk edərək diplomatiya, sanksiyalar, parlament qərarları və beynəlxalq böhranlar məkanına daxil olur. Keçmiş artıq tamamlanmış reallıq deyil. O, başqa vasitələrlə davam etdirilən siyasətə çevrilir. Məhz burada prinsipial dönüş baş verir: dövlətlər artıq təkcə bu gün baş verənlər uğrunda deyil, həm də dünyanın dünəni necə xatırlamalı olduğu uğrunda mübarizə aparmağa başlayırlar.

Əslində, dünya tarixi yaddaşın siyasiləşdirilməsi dövrünə qədəm qoyur. Bu dövrdə keçmişin şərhinə nəzarət strateji təsir vasitəsinə çevrilir. Bu gün söhbət artıq yalnız ərazilərdən, resurslardan və ya təhlükəsizlikdən getmir. Əsas məsələ tarixin mənasını müəyyən etmək hüququdur. Keçmişin şərhinə nəzarət edən tərəf qaçılmaz olaraq gələcəyin memarlığına da təsir göstərməyə başlayır. Lakin burada daha mühüm və eyni zamanda daha az nəzərə çarpan bir sual meydana çıxır.

Əgər keçmiş uğrunda mübarizə həqiqətən də müasir siyasətin ayrılmaz hissəsinə çevrilirsə, bu proses praktikada necə həyata keçirilir və nə üçün tarixi yaddaş birdən-birə yalnız elmi araşdırma mövzusu olmaqdan çıxaraq beynəlxalq təzyiqin, diplomatik qarşıdurmaların və siyasi qərarların alətinə çevrilib?

Bu sualın cavabı bizi müasir dövrün əsas hadisələrindən birinə və tarixi yaddaşın yavaş-yavaş, lakin sistemli şəkildə siyasi resursa çevrilməsi prosesinə gətirib çıxarır. Məhz burada bu transformasiyanın əsas mexanizmi meydana çıxır – yaddaşın özəlləşdirilməsi. Bu termin siyasi elitaların tarixi hadisələrin şərhini inhisara almağa çalışdığı prosesi ifadə edir. Nəticədə kollektiv yaddaş ümumi humanitar məkan olmaqdan çıxaraq cari siyasətin alətinə çevrilir. Söhbətin yalnız lokal və ya regional münaqişələrdən getdiyi barədə təsəvvür diqqətlə baxdıqda aradan qalxır. Çünki bu, qlobal xarakter daşıyan bir prosesdir.

Polşa ilə Ukrayna arasında Volın münaqişəsinin faciəli hadisələri ilə bağlı tarixi yaddaş, bu iki ölkə arasında strateji tərəfdaşlığa və ortaq təhlükəsizlik çağırışlarına baxmayaraq, bu gün də siyasi dialoqa təsir göstərməkdə davam edir. Şərqi Asiyada isə Yaponiya, Çin və Cənubi Koreya arasında İkinci Dünya müharibəsi və müstəmləkəçilik dövrü hadisələrinin şərhi ilə bağlı dərin fikir ayrılıqları hələ də qalmaqdadır. Qərb siyasətində tarixi faciələrin tanınması ilə bağlı qəbul edilən qərarlar çox vaxt Türkiyə ilə münasibətlərin pisləşdiyi dövrlərlə üst-üstə düşür. Bu isə tarixi yaddaşın Ankaraya qarşı diplomatik təzyiq vasitəsinə çevrildiyini göstərir.

Öz növbəsində, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi təcavüz keçmişin şərhinin müasir geosiyasi mübarizənin ayrılmaz hissəsinə çevrildiyini xüsusilə aydın şəkildə nümayiş etdirir. Bütün bu hallarda söhbət tarixi hadisələrin eyniliyindən getmir. Məsələ prosesin məntiqindədir – tarix elm sahəsi olmaqdan çıxaraq siyasi rəqabət meydanına çevrilir. Bu fonda XX əsrin əvvəllərinə aid tarixi yaddaşın siyasi həssaslığı xüsusilə kəskin şəkildə özünü göstərir.

İsraillə Türkiyə arasında münasibətlərin gərgin olduğu şəraitdə, İsrail hökumətinin bu gün 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı tarixi yaddaş sahəsində irəli sürdüyü istənilən təşəbbüs, bəyan edilən motivlərdən asılı olmayaraq, qaçılmaz şəkildə siyasi məzmun qazanır. Belə addımlar çox nadir hallarda sırf tarixi jest kimi qəbul edilir. Əksinə, onlar daha çox cari diplomatik oyunun elementi kimi dəyərləndirilir. Xüsusilə də bu təşəbbüslər İsrail hökumətinin təkcə Türkiyənin siyasətinə münasibətində yaranan fikir ayrılıqlarından sonra deyil, həm də ABŞ-nin İsraillə razılaşdırmadan İranla imzaladığı memorandum fonunda Təl-Əvivlə Vaşinqton arasında münasibətlərin soyumasından dərhal sonra meydana çıxıbsa. Buna, üstəlik, prezident Donald Trampın Türkiyədə keçiriləcək NATO sammiti ərəfəsində Prezident Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi müsbət fikirləri də əlavə etsək, bu proseslərin hansı səbəblərdən qaynaqlandığını anlamaq çətin olmur.

Məhz burada əsas problem ortaya çıxır: tarixi yaddaş qısamüddətli siyasi konyunkturanın alətinə çevrilə bilməz və çevrilməməlidir. Çünki bu prosesin səbəbləri ayrı-ayrı siyasi hadisələrdən daha dərin qatlarda yerləşir. Tarixi yaddaş siyasətin bir çox digər vasitələrinin malik olmadığı unikal gücə sahibdir. O, emosional baxımdan son dərəcə yüklüdür, insanların kimliyi ilə sıx bağlıdır, kollektiv travmalar üzərində formalaşır və ictimai rəyi çox qısa müddətdə səfərbər etmək qabiliyyətinə malikdir. Bunun yaxın nümunəsi Varşava ilə Kiyev arasında baş verən hadisələr zamanı Ukrayna cəmiyyətinin Prezident Volodimir Zelenskini müdafiə etmək üçün geniş şəkildə səfərbər olması idi. Məhz buna görə də dövlətlər getdikcə daha çox keçmişə elmi araşdırma obyekti kimi deyil, siyasi təsir vasitəsi kimi yanaşırlar. Beləliklə, beynəlxalq münasibətlərin yeni forması – yaddaş diplomatiyası meydana çıxır. Bu diplomatiyada mübahisənin predmeti ərazi deyil, keçmişi şərh etmək hüququ olur.

Bu tendensiya ən aydın şəkildə yüksək intensivlikli müasir münaqişələrdə özünü göstərir. Rusiya–Ukrayna qarşıdurması bunu xüsusilə sərt formada nümayiş etdirir: tarixin şərhi artıq siyasi münaqişənin ikinci dərəcəli elementi deyil, onun struktur tərkib hissəsinə çevrilib. Tarixi hadisələr, simvollar və onlara verilən qiymətlər siyasi ritorikaya daxil edilir. Bu isə qarşıdurmanın emosional gərginliyini artırmaqla yanaşı, kompromis üçün mövcud olan imkanları da daraldır. Bu mənada sözügedən hadisə istisna deyil. O, sadəcə getdikcə daha aydın görünən ümumi qlobal tendensiyanın bir hissəsidir. Bütün bu proseslərin ortaq məxrəcə gətirən cəhəti birdir – tarixin tədricən elmi müstəvidən siyasi müstəviyə keçməsi. Tarix artıq həqiqətin axtarıldığı məkan olmaqdan çıxır. O, şərh uğrunda mübarizə meydanına çevrilir. Məhz burada müasir dövrün əsas hadisəsi – tarixi yaddaşın özəlləşdirilməsi formalaşır və bu prosesin nəticələri artıq bu gün aydın görünməkdədir.

Birincisi, tarix elminin nüfuzu tədricən aşınır.

İkincisi, beynəlxalq gərginlik artır. Çünki keçmiş siyasi təzyiq vasitəsinə çevrilir.

Üçüncüsü, münaqişələr möhkəmlənir. Bu, təkcə siyasi deyil, həm də simvolik münaqişələrdir və buna görə də onlar daha davamlı, daha mürəkkəb və həlli daha çətin olur.

Tarix nə dövlətlərə, nə parlamentlərə, nə də mövcud siyasi elitalara məxsusdur. O, bütün bəşəriyyətə – onun topladığı ümumi təcrübəyə, bütün səhvlərinə və çıxardığı dərslərə məxsusdur. Hər bir nəsil keçmişi yenidən dəyərləndirmək hüququna malikdir. Lakin bu, yalnız elmi dürüstlük və mənbələrə hörmət qorunduğu halda mümkündür. Tarix siyasi mübarizənin alətinə çevrildiyi andan etibarən özünün əsas funksiyasını – bu günü izah etmək və gələcəyin səhvlərinin qarşısını almaq missiyasını itirir.

Həmin məqamda tarix artıq yaddaş olmaqdan çıxır, cəbhə xəttinə çevrilir və o zaman siyasi məqsədlərindən asılı olmayaraq hamı uduzur.

İngilis tarix filosofu Arnold Toynbi demişdi:

"Tarix bəşəriyyətin dönə-dönə üzləşdiyi çağırışlardan başqa bir şey deyil və insanlıq bu çağırışların hər birinə cavab verməlidir”.

Ramiz Yunus

"Xəzər" Beynəlxalq Universitetinin siyasi elmlər professoru

XƏBƏR LENTİ
29 IYUN 2026
Bəzi ərazilərdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 16:40 “Ət xalını” evdə götürmək istəyənlərə XƏBƏRDARLIQ - Bir səhvə qurban gedə bilərsiniz 16:36 Məktəblərdə telefon qadağası rəsmiləşdi - Nazir təsdiqlədi 16:35 Zəlzələ Venesueladan əl çəkmir 16:30 Rusiyadan Zəngəzuru qarışdıran açıqlama 16:25 Almaniyanı sarsıdan silahlı basqın: Ölənlər var - GÖRÜNTÜLƏR 16:19 Türkiyədə "kütləvi" əməliyyat - Yüzlərlə şəxs həbs olundu 16:14 DÇ-2026: Bu milli komandalar 1/16 final oyununa çıxırlar 16:09 AZAL təyyarəsinin vurulması ilə bağlı etiraf: Rusiya açıqladı 16:08 Ana dilində danışmaq istəyən türklər Bakıda birinci qurultay keçirdi - Türkiyənin və SSRİ-nin taleyini dəyişdirdilər 16:01 Bakıya turist əvəzinə yağış yağır - Çimərlik mövsümü başlamadan bitir 15:50 Tramp: Sabah Dohada İranla görüş baş tutacaq 15:42 Birinci Türkoloji Qurultaya həsr olunan beynəlxalq tədbir keçiriləcək 15:39 İnsulin müqaviməti necə formalaşır? Qarşısının alınması və idarəsi 14:25 Anomal istilər Almaniyada onlarla şəxsin həyatına səbəb oldu - STATİSTİKA 15:30 İctimai yerlərdə sındırılan məhsulun pulu kimin boynunda qalır? 15:14 Bakı metrosunun "Bənövşəyi xətti" yay qrafikinə keçir 15:08 Prezidentdən Naxçıvanla bağlı qərar 15:06 Bu ölkə ilə viza tələbi ləğv edildi - QANUN 14:57 Xəbərdarlıq: Bakıya doğru gəlir – Elə istilər olacaq ki... 14:45 Azərbaycanın Səfəviləri özününkü sayması İran millətçilərini qəzəbləndirdi - Bakıya kin seli axdı - VİDEO 14:43 Azərbaycanın ən müqəddəs qələmi onun idi - Zərdabinin yaşayan xətti 14:42 "Demokratiya TV"nin rəhbəri həbs edildi 14:38 Sürücülər, EHTİYATLI OLUN! - Yer yarılır, içinə girə bilərsiniz 14:32 Sızan bağırsaq sindromu barədə nə bilinir? Simptomlar və yanaşmalar 14:20 Bütün Xəbərlər