Cəmi bir çamadanla hakimiyyəti tərk edən Baş nazirin üstündə bir qəpik də yox idi - Nəsib bəy Yusifbəylinin tarixi faciəsi

Cəmi bir çamadanla hakimiyyəti tərk edən Baş nazirin üstündə bir qəpik də yox idi - Nəsib bəy Yusifbəylinin tarixi faciəsi
06.07.2026 15:31 Təhlil

Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncədə ziyalı ailəsində doğulmuşdur. Gəncə klassik gimnaziyasını bitirmiş, 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olmuşdur.

Tələbələrin inqilabi mübarizəsindən qorxuya düşən çar hökuməti universiteti müvəqqəti olaraq bağladıqdan (1907) sonra, Nəsib bəy Bağçasaray şəhərinə (Krım) getmiş, burada İsmayıl bəy Qaspralının nəşr etdiyi "Tərcüman" qəzetində əməkdaşlıq etmişdir. Qaspralının qızı Şəfiqə Soltan xanımla evlənərək, bir müddət orada yaşamışdır.


Krım tatarlarının ədəbi-mədəni həyatında fəal iştirak etmiş, Ə.Haqverdiyevin teatr həvəskarları tərəfindən tamaşaya qoyulmuş "Dağılan tifaq" dramında Nəcəf bəy rolunu oynamışdır.

Ehtiyac üzündən təhsilini başa çatdıra bilməyən Nəsib bəy çar xəfıyyələrinin təqibindən yaxa qurtarmaq üçün 1908-cu ildə Türkiyəyə mühacirət etmişdir. 1909-cu ildə Gəncəyə qayıdaraq, şəhər bələdiyyəsində çalışan və tez-tez Bakıya gələn Yusifbəyli burada "Açıq söz" qəzeti redaksiyasında onun redaktoru Məhəmməd Əmin Rəsulzadə ilə tanış olmuşdur.


Fevral inqilabından (1917) dərhal sonra Yusifbəyli Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyasını yaratmış (1917, mart), 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz və həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanları qurultaylarında iştirak etmişdir.

1917-ci ilin iyununda Türk Ədəmi-Mərkəziyyət partiyası M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi "Müsavat" partiyası ilə birləşmiş, yeni partiya "Türk Ədəmi-Mərkəziyyət firqəsi Müsavat" adlanmışdır. Yusifbəyli bu partiyanın oktyabrın 26-31-də Bakıda keçirilən və Azərbaycanın siyasi həyatında böyük hadisəyə çevrilən 1-ci qurultayının hazırlanmasında və keçirilməsində fəal iştirak etmiş, partiya proqramının müəlliflərindən biri olmuş, onun mərkəzi komitəsinin üzvü seçilmiş, Gəncə şöbəsinə rəhbərlik etmişdir.


Rusiya Müəssislər məclisinə nümayəndə seçilən, lakin Oktyabr çevrilişi (1917) baş verdiyi üçün Petroqrada gedə bilməyən Yusifbəyli Zaqafqaziya seyminin yaradılmasında fəal iştirak etmiş, 1918-ci il aprelin 22-də elan olunan Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətində maarif naziri vəzifəsini tutmuş, milli siyasətin ən çətin və ən məsul vəzifələrini icra etmişdir. "Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formula etmək şərəfi mərhum Nəsib bəyindir". (M.Ə.Rəsulzadə)

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fətəli Xan Xoyskinin təşkil etdiyi 1-ci hökumət kabinəsində Yusifbəyli maliyyə və xalq maarifi naziri vəzifəsini, Xoyskinin 2-ci və 3-cü hökumət kabinələrində də xalq maarifı və dini etiqad naziri vəzifələrini tutmuşdur.


Xalq maarifi nazirliyinin həyata keçirdiyi ilk tədbirlərdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi idi. Bu vəzifəni həyata keçirmək üçün isə təhsil sistemini milli zəmin üzərində tamamilə yenidən qurmaq və Azərbaycan dilini mükəmməl bilən ixtisaslı milli kadrlar yetişdirmək tələb olunurdu.

Məhz buna görə N.Yusifbəylinin təqdimatı ilə hökumət 1918-ci il avqustun 28-də Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar qəbul etdi. Xalq Maarifı Nazirliyinin səyləri nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərirdi. 1919-cu ildə 4-cü hökumət kabinetinin təşkili Yusifbəyliyə tapşırıldı və aprelin 14-də elan olunan tərkibdə o, baş nazir vəzifəsindən əlavə, daxili işlər naziri vəzifəsini də tutdu.

Parlamentdə daxili və xarici siyasət haqqında hökumət proqramı ilə çıxış edən N.Yusifbəyli bildirmişdi ki, hökumətin xarici siyasət sahəsində başlıca məqsəd və vəzifəsi böyük dövlətlərin Azərbaycanın istiqlaliyyətini tanınasına nail olmaq, ölkənin ərazi bütövlüyünü qoruyub saxlamaq, daxili siyasət sahəsində isə iqtisadiyyatı dirçəltmək. əhalinin sosial rifahını yaxşılaşdırmaq, demokratik azadlıqları, o cümlədən söz, mətbuat. Yığıncaq və s. azadlıqları təmin etməkdir. Yusifbəylinin başçılıq etdiyi hökumət Denikin qüvvələrinin xaricdən, bolşeviklərin isə daxildən törətdikləri təhlükələrlə qarşılaşırdı.

İyunun 5-də keçirilən parlament iclasında Denikinin könüllü orduları ilə bağlı məsələ təkrarən müzakirə olundu. Denikin təhlükəsi ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Dövlət Müdafıə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Yusifbəylinin 1919-cu ilin dekabrında özünün təşkil etdiyi ikinci hökumət kabinəsi 1920 ilin martına kimi fəaliyyət göstərdi. Yusifbəylinin baş nazir olduğu dövrdə Azərbaycan xalqının tarixində ən mühüm hadisə 1920-ci il yanvarın 11-də Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən de-fakto tanınması oldu. Bu münasibətlə yanvarın 14-də Yusifbəyli Azərbaycan xalqına müraciət etdi.

Müraciətdə deyilirdi:

"Azərbaycanın müstəqilliyi Böyük Avropa millətlərinin Ali Şurası tərəfindən yekdilliklə tanınmışdır. Azərbaycanın Qərb xalqları ailəsinin tamhüquqlu üzvlüyünə daxil olması onun tarixində ən işıqlı gündür. Bu gündən onun mənəvi qüvvələrinin yeni çiçəklənmə dövrü başlanır. Hökumət inanır ki, bütün vətəndaşlar yenidən hər hansı bir maneə və təhlükə yaranarsa belə, azad və müstəqil Vətənin xoşbəxtliyini təmin etmək üçün birləşəcəklər. Yaşasın müstəqil Azərbaycan xalqı!"

Bakı Dövlət Universitetinin yaradılması, 100 nəfərə yaxın azərbaycanlı gəncin Avropanın müxtəlif ali məktəblərinə göndərilməsi, torpaq islahatları haqqında qanun layihəsinin hazırlanması, savadsızlıqla mübarizə kurslarının açılması, məktəb dərsliklərinin hazırlanması və nəşrinə başlanılması da Yusifbəyli hökuməti dövrünün mühüm hadisələri sırasındadır. Yusifbəyli hökumətinin qəbul etdiyi son qərarlardan biri hərbi ordenlərin, milli himnin, dövlət gerbi və möhürü layihələrinin hazırlanması haqqında 1920-ci il 30 yanvar tarixli qərar idi.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti öz planlarını axıra qədər həyata keçirə bilmədi. Diplomatik əlaqə yaratmaq haqqında Azərbaycan hökumətinin bütün təkliflərini cavabsız qoyan sovet Rusiyası tərəfındən təhlükənin artdığı və işğal üçün zəmin hazırlayan daxili qüvvələrin fəallaşdığı şəraitdə Yusifbəylinin başçılıq etdiyi 2-ci hökumət 1920-ci il martın 30-da istefa verməyə məcbur oldu. Məmməd Həsən Hacınskinin yeni hökumət (6-cı kabinə) təşkil etmək cəhdi uğursuzluqla nəticələndi.


Aprelin sonlarında sovet Rusiyasının beynəlxalq hüquq normalarını kobudcasına tapdalayan hərbi müdaxiləsi və 11-ci Qırmızı ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Paris Sülh Konfransının (1919-1920) iştirakçısı olan dövlətlər tərəfındən tanınmış müstəqil Azərbaycan dövləti - Azərbaycan Xalq Cümhuriyyəti aradan qaldırıldı və onun ərazisi işğal olundu.

Bakının 11-ci Qırmızı ordu tərəfindən işğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə şəhəri tərk edən Yusifbəyli 1920-ci il, may ayının 31-də yolda faciəli surətdə qətlə yetirildi.

TodayPress TV

Ədəbiyyat:

Azərbaycan tarixi, 7 cilddə, c.5, Bakı, 2001

Paşayev A., Açılmamış səhifələrin izi ilə, Bakı, 2001

İsayev Ə., Cümhuriyyətin Gəncə səhifələri, "Azərbaycan Xalq Cümhuriyyəti" kitabında, Bakı, 1998

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. II cild. Bakı: Lider nəşriyyat, 2005;

Əliyev M., Nəsib bəy Yusifbəyli, "Azərbaycan Demokratik Respublikası. Azərbaycan Hökuməti 1918-1920" kitabında, Bakı, 1990.

XƏBƏR LENTİ
06 IYUL 2026
Paşinyan Mişustinlə Rusiya-Ermənistan münasibətlərini müzakirə etdi 17:55 Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salındı 17:39 Xəzər dənizi zəhər "qusur" - Dənizə axıdılan nədir? 17:00 Rusiya Ukraynanın işığını yanmağa qoymur 16:57 İsrail siyasi mesajını götürüb... – Politoloq detalları açdı 16:56 Amerika silahlı İŞİD-lə qarşılaşmaqdansa, Şaraanın əlini sıxmağa razıdır 16:50 Paşinyan Rusiyaya "elçi getdi" – Bəlkə də bağışladılar... 16:53 Azərbaycandan Ermənistana 30 vaqon propan qazı göndərildi 17:10 Ermənistanı bədbəxt edən həmin gün: Azərbaycana tarixi qəsd necə rəsmiləşdirildi? 16:46 Himalay dağlarında robot ordu: 3 milyard insan təhlükədə - VİDEO 16:47 Britaniya rusların boğazına çökdü - Noviçoku Moskvaya yeritdi 16:48 Putinin partiyası Kadırovu yenidən "bəy" elan etdi: 19 illik taxt-tac oyunu necə davam edəcək? 16:40 Ankarada tarixi izdiham yaşanır: Trampın korteji dünyada məşhur oldu 16:41 Belarusdan kritik çıxış - Yeni savaşın mesajları necə oxundu? 16:37 Azərbaycanda klublar milli komandaya oyunçu verə bilmir – Fazil Mustafa 16:33 Rusiya Ukraynada "SOCAR"ın məntəqəsini vurdu: Azərbaycan nota verdi 16:21 Rus xalqı oğullarını yeni milyonluq orduya qurban verəcək? 16:16 Gənclər niyə bölgələri tərk edib Bakıya üz tutur? 16:05 Omskda neft zavodu vuruldu - VİDEO 15:56 Torpaq mülkiyyətçilərinin NƏZƏRİNƏ: Qanunvericiliyə yeni tələblər əlavə edildi 15:49 Ölkəni azad etdik, gəncliyin beynini işğal etdilər – İnformasiya savaşı sərhədini aşdı 15:44 Cəmi bir çamadanla hakimiyyəti tərk edən Baş nazirin üstündə bir qəpik də yox idi - Nəsib bəy Yusifbəylinin tarixi faciəsi 15:30 Azərbaycanın hücum təyyarələri belə göründü, bütün Türkiyənin qürurunu oxşadı - VİDEO 15:19 Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır? 15:09 Jurnalist olmaq istəyənlərin NƏZƏRİNƏ! Qabiliyyət imtahanlarının başlama tarixi açıqlandı 15:03 Bütün Xəbərlər