ABŞ Müdafiə naziri gecə ilə Bakıya uçdu - Rusiya və İranı təşvişə salan 100 milyonluq layihə…

ABŞ Müdafiə naziri gecə ilə Bakıya uçdu - Rusiya və İranı təşvişə salan 100 milyonluq layihə…
29.06.2026 13:59 Təhlil

ABŞ-nin keçmiş Müdafiə naziri Donald Ramsfeld 2001–2006-cı illərdə Mərkəzi Asiya, Qafqaz və Monqolustan bölgəsinə otuzdan çox səfər etdi. 

Bu, sovet sonrası məkan üçün görünməmiş fəallıq idi. Həmin səfərlərin dördü Bakıya istiqamətlənmişdi.  


Səfərlərin hər biri fərqli siyasi şəraitdə baş tutsa da, onları birləşdirən ortaq məqsədlər vardı: Əfqanıstan və İraqdakı əməliyyatlar üçün Azərbaycanın dəstəyini qorumaq, Xəzər hövzəsində enerji infrastrukturunun təhlükəsizliyini gücləndirmək və ABŞ-nin regiondakı hərbi-siyasi mövqeyini möhkəmləndirmək.

11 sentyabr terror aktlarından üç ay sonra Ramsfeld bir gündə Bakı, Yerevan və Tbilisini əhatə edən sıx proqramla Cənubi Qafqaza səfər etdi. Dekabrın 15-də Bakıda Prezident Heydər Əliyevlə görüşən ABŞ müdafiə naziri hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə etdi. Həmin gün o, İrəvanda Robert Koçaryan, daha sonra isə Tbilisidə Edvard Şevardnadze ilə oxşar məzmunlu görüşlər keçirdi.

ABŞ Müdafiə Nazirliyinin arxiv materiallarında qeyd olunur ki, Ramsfeld hər üç ölkəyə 11 sentyabrdan sonra beynəlxalq antiterror koalisiyasına göstərdikləri dəstəyə görə təşəkkür edib. Azərbaycan hava məkanını və uçuş hüquqlarını ABŞ-nin istifadəsinə açmış, hava bazalarından istifadə imkanını da təklif etmişdi, baxmayaraq ki, bu imkanlardan sonradan istifadə olunmadı.

Ümummilli Lider Heydər Əliyev görüş zamanı Azərbaycanın terrorla mübarizə, narkotik qaçaqmalçılığına qarşı fəaliyyət, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və qeyri-qanuni miqrasiya ilə mübarizə sahələrində ABŞ ilə  əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirdi.

Bununla yanaşı, münasibətlərdə mühüm hüquqi maneə qalmaqda idi. 1992-ci ildə qəbul olunmuş Azadlığı Dəstəkləmə Aktının 907-ci maddəsi Azərbaycana birbaşa ABŞ hökumət yardımlarını məhdudlaşdırırdı. Ramsfeld Bakıda və İrəvanda keçirdiyi görüşlərdə Konqresin bu məhdudiyyətə istisna tətbiq edəcəyinə ümid etdiyini bildirdi. Bir ay sonra, 2002-ci ilin yanvarında Prezident Corc Buş Əfqanıstan əməliyyatına göstərdiyi dəstəyə görə ilk dəfə Azərbaycan üçün 907-ci maddənin tətbiqini dayandırdı.

İki il sonra Ramsfeld yenidən Bakıya gəldi. Bu dəfə onu Prezident İlham Əliyev qəbul etdi. Heydər Əliyevin səhhətində yaranmış problemlərdən sonra hakimiyyət artıq yeni prezidentə keçmişdi.


Səfər oktyabr prezident seçkisindən cəmi iki ay sonra baş tuturdu. Həmin seçki beynəlxalq müşahidəçilər və ABŞ Dövlət Departamenti tərəfindən ciddi tənqid edilmişdi. Ramsfeld İlham Əliyevi seçkidə qələbə münasibətilə təbrik etsə də, mətbuat konfransında seçkinin demokratik standartlara uyğun olub-olmaması barədə suala cavab vermədi.

Onun əsas diqqəti təhlükəsizlik əməkdaşlığına yönəlmişdi. Elə həmin ilin sentyabrında ABŞ Sahil Mühafizəsinin "Point Brower" patrul gəmisi Azərbaycana təhvil verilmişdi. Bu, ABŞ-nin Azərbaycana verdiyi üçüncü patrul gəmisi idi. Gəmi San-Fransiskodan Qara dəniz, Azov dənizi və Volqa–Don kanalı vasitəsilə Xəzərə gətirilmişdi.

Eyni dövrdə ABŞ Avropa Komandanlığının rəhbərliyində  "Xəzər Mühafizəçisi" (Caspian Guard) proqramı formalaşdırılırdı. Layihə Xəzərdə neft və qaz infrastrukturunun mühafizəsini gücləndirməyi, sərhəd təhlükəsizliyini artırmağı və Bakıda müasir komanda-idarəetmə mərkəzi yaratmağı nəzərdə tuturdu.

2004-cü ilin avqustunda Ramsfeld üçüncü dəfə Bakıya səfər etdi.  

Mətbuat konfransında o, Azərbaycanın qlobal terrorla mübarizədə mühüm tərəfdaş olduğunu vurğuladı. Ramsfeld xatırlatdı ki, Azərbaycan 11 sentyabrdan dərhal sonra ABŞ-yə dəstək təklif edən ilk dövlətlərdən biri olub, koalisiya qüvvələrinə uçuş hüquqları verib və Əfqanıstandakı beynəlxalq missiyaya hərbçilər göndərib.

Nazir həmçinin Xəzərdə narkotik qaçaqmalçılığı, terrorçuların hərəkəti və kütləvi qırğın silahlarının yayılmasına qarşı əməkdaşlığın genişləndirildiyini bildirdi.

Lakin səfər zamanı daha həssas mövzu da gündəmdə idi. Həmin aylarda ABŞ-nin Azərbaycanda hərbi infrastruktur yaratmaq planları barədə müxtəlif məlumatlar yayılırdı. Bu xəbərlər xüsusilə Rusiya və İranda narahatlıq doğurmuşdu.


Bir neçə gün sonra Bakıya gələn ABŞ - Avropa Komandanlığının baş qərargah rəisinin müavini general Çarlz Vald jurnalistlərə açıqlamasında bildirdi ki, söhbət klassik mənada hərbi bazalardan getmir. Onun sözlərinə görə, nəzərdə tutulan obyektlər terrorla mübarizə üzrə əməkdaşlığı koordinasiya etmək üçün istifadə oluna biləcək müvəqqəti imkanlar idi.

Bununla belə, Qərb mətbuatında dərc olunan məlumatlar göstərirdi ki, Pentaqon Avropadakı iri daimi bazalar modelindən daha çevik və kiçik regional hərbi infrastruktur modelinə keçməyi nəzərdən keçirirdi.

Ramsfeldin Bakıya dördüncü səfəri əvvəlkilərdən xeyli  fərqlənirdi. Bu dəfə səfər əvvəlcədən elan edilməmişdi. O, İraqdan gecəylə Bakıya gəldi, bir gecə qaldı və ertəsi gün ölkəni tərk etdi. Səfər barədə nə Pentaqon, nə də ABŞ-nin Bakıdakı səfirliyi geniş məlumat yaydı.

Azərbaycan Prezident Administrasiyası səfərin təhlükəsizlik sahəsində əməkdaşlıq və NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində məsələlərin müzakirəsinə həsr olunduğunu açıqladı.

Lakin ölkə daxilində fərqli ehtimallar da səslənirdi. Bəzi hərbi ekspertlər hesab edirdilər ki, ABŞ Azərbaycanda hərbi obyektlərin yaradılması imkanlarını müzakirə edir. Digərləri isə bildirirdilər ki, Azərbaycan heç bir halda öz ərazisinin İrana qarşı mümkün hərbi əməliyyatlar üçün istifadə olunmasına razılıq verməyəcək.

Bu müzakirələr təsadüfi deyildi. Həmin ilin əvvəlində amerikalı jurnalist Seymur Herş "The Coming Wars" adlı məqaləsində ABŞ administrasiyasında İranla bağlı müxtəlif hərbi ssenarilərin müzakirə olunduğunu yazmışdı. Elə Ramsfeldin Bakıya gəlməsindən bir gün əvvəl "Wall Street Journal" da Pentaqonun növbəti on il ərzində "Xəzər Mühafizəçisi" proqramına 100 milyon dollar sərmayə qoymağı planlaşdırdığını xəbər vermişdi. Layihənin məqsədi Bakı–Tbilisi–Ceyhan boru kəməri də daxil olmaqla Xəzər enerji infrastrukturunun mühafizəsini gücləndirmək idi.

Hər səfər fərqli siyasi şəraitdə baş tutsa da, onların hamısını birləşdirən ortaq məqsədlər vardı: Əfqanıstan və İraqdakı əməliyyatlar üçün Azərbaycanın dəstəyini qorumaq, Xəzər hövzəsində enerji infrastrukturunun təhlükəsizliyini gücləndirmək və ABŞ-nin regiondakı hərbi-siyasi imkanlarını genişləndirmək.

2001-ci ildə əsas məsələ 11 sentyabrdan sonra yaradılan beynəlxalq koalisiyanın möhkəmləndirilməsi idi. 2003-cü ildən etibarən əməkdaşlıq daha konkret layihələrlə davam etdi. "Xəzər Mühafizəçisi" proqramı, sahil mühafizəsinə verilən gəmilər və 907-ci maddənin tətbiqinin dayandırılması həmin siyasətin əsas elementlərinə çevrildi. Bu dövrdə Vaşinqton təhlükəsizlik əməkdaşlığına üstünlük verdi və Azərbaycandakı seçkilərlə bağlı tənqidlər ikinci plana keçdi.


2004-cü ildə artıq söhbət təkcə terrorla mübarizədən getmirdi. ABŞ regionda daha çevik hərbi infrastruktur yaratmağın yollarını araşdırırdı. "Hərbi baza" ifadəsindən yayınmağa çalışılsa da, aparılan müzakirələrin istiqaməti aydın idi.

2005-ci ilin aprelindəki səfər isə ən çox müzakirə olunan görüş oldu. Rəsmi açıqlamalar təhlükəsizlik əməkdaşlığından bəhs etsə də, həm Azərbaycan, həm də Qərb mətbuatında əsas diqqət İran məsələsinə yönəlmişdi. ABŞ-də İranla bağlı müxtəlif hərbi ssenarilər müzakirə olunur, Azərbaycanın bu planlarda hansı rolu oynaya biləcəyi barədə fərqli ehtimallar irəli sürülürdü.

Sonrakı hadisələr göstərdi ki, Azərbaycanda daimi ABŞ hərbi bazası yaradılmadı və ölkə ərazisi İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilmədi. Bununla belə, Xəzərdə təhlükəsizlik əməkdaşlığı, sahil mühafizəsinin gücləndirilməsi və NATO ilə tərəfdaşlıq proqramları uzun illər davam etdi.

Ramsfeld dövlət vəzifəsindən ayrıldıqdan sonra da regionla əlaqələrini tam kəsmədi. Onun yaratdığı Ramsfeld Fondu Mərkəzi Asiya–Qafqaz İnstitutu ilə birlikdə CAMCA Regional Forumunun təsisçilərindən biri oldu. Forumun 2026-cı ildə Bakıda keçirilməsi də göstərir ki, iki onillik əvvəl formalaşan əlaqələr müxtəlif formatlarda bu günə qədər davam edir.

Bu gün, 29 iyun  onun vəfatının ildönümüdür. 

9 iyul 1932-ci ildə anadan olmuşdu və ölümündən cəmi 10 gün sonra 2021-ci il  iyulun 9-da 89 yaşı tamam olacaqdı.   

Jalə Rövşən


NEWS FEED
29 JUNE 2026
Aytmatovun "Səlvi boylum, al yazmalım" aynasından görünən Azərbaycanı Kadir İnanır necə xatırlatdı? 17:25 ADY yay qrafikinə keçir 17:13 Liam Rosenyor "Paris"lə anlaşmağa yaxındır 17:06 Lupus xəstəliyi niyə yaranır? Simptomlar və uzunmüddətli nəzarət yolları 14:32 SSRİ-ni naxçıvanlılar dağıtdı... - Moskvanın "palaz altına süpürdüyü" həqiqət - VİDEO 16:52 Bəzi ərazilərdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 16:40 “Ət xalını” evdə götürmək istəyənlərə XƏBƏRDARLIQ - Bu səhvə qurban gedə bilərsiniz 16:36 Məktəblərdə telefon qadağası rəsmiləşdi - Nazir təsdiqlədi 16:35 Zəlzələ Venesueladan əl çəkmir 16:30 Rusiyadan Zəngəzuru qarışdıran açıqlama 16:25 Almaniyanı sarsıdan silahlı basqın: Ölənlər var - GÖRÜNTÜLƏR 16:19 Türkiyədə "kütləvi" əməliyyat - Yüzlərlə şəxs həbs olundu 16:14 DÇ-2026: Bu milli komandalar 1/16 final oyununa çıxırlar 16:09 AZAL təyyarəsinin vurulması ilə bağlı etiraf: Rusiya açıqladı 16:08 Ana dilində danışmaq istəyən türklər Bakıda birinci qurultay keçirdi - Türkiyənin və SSRİ-nin taleyini dəyişdirdilər 16:01 Bakıya turist əvəzinə yağış yağır - Çimərlik mövsümü başlamadan bitir 15:50 Tramp: Sabah Dohada İranla görüş baş tutacaq 15:42 Birinci Türkoloji Qurultaya həsr olunan beynəlxalq tədbir keçiriləcək 15:39 İnsulin müqaviməti necə formalaşır? Qarşısının alınması və idarəsi 14:25 Anomal istilər Almaniyada onlarla şəxsin həyatına səbəb oldu - STATİSTİKA 15:30 İctimai yerlərdə sındırılan məhsulun pulu kimin boynunda qalır? 15:14 Bakı metrosunun "Bənövşəyi xətti" yay qrafikinə keçir 15:08 Prezidentdən Naxçıvanla bağlı qərar 15:06 Bu ölkə ilə viza tələbi ləğv edildi - QANUN 14:57 Xəbərdarlıq: Bakıya doğru gəlir – Elə istilər olacaq ki... 14:45 All News