İngiltərədə qatar qəzasının təfərrüatı məlum oldu
İngiltərədə iki sərnişin qatarının toqquşması nəticəsində həlak olan maşinistin hadisədən az əvvəl qırmızı işıqda keçdiyi məlum olub.
TodayPress TV xəbər verir ki, bu barədə BBC korporasiyası iyunun 19-da Bedford şəhəri yaxınlığında baş vermiş qəzanın ilkin araşdırma nəticələrinə istinadən məlumat yayıb.
Böyük Britaniyanın Dəmir Yolu Hadisələrinin Araşdırılması İdarəsinin məlumatına görə, 60 yaşlı maşinist Şon Bartonun ölkə dəmir yollarında geniş istifadə olunan avtomatik xəbərdarlıq sistemindən hansı siqnalları aldığı hələlik məlum deyil.
Araşdırma müəyyən edib ki, qatarın əyləcləri toqquşmadan doqquz saniyə əvvəl işə salınıb. Bu da sürətin saatda 76 mildən 49 milə (təxminən 122 km/saatdan 79 km/saatadək) enməsinə imkan verib.
Həmçinin məlum olub ki, ikinci qatar maşinist xəbərdarlıq sisteminin işə düşməsi səbəbindən relslər üzərində qəfil dayanıb. Sözügedən sistem maşinisti qırmızı işıq siqnalı barədə xəbərdar edir, onun reaksiya vermədiyi halda isə təcili əyləclənməni avtomatik aktivləşdirir.
Londona doğru hərəkət edən iki qatarın toqquşması nəticəsində ümumilikdə 100-ə yaxın insan xəsarət alıb. Hazırda 53 nəfər xəstəxanada müalicə olunur, onlardan səkkizinin vəziyyəti ağırdır.