Azərbaycan və Seneqal parlamentlərarası əməkdaşlığı müzakirə etdilər
Milli Məclisin deputatları İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində ölkəmizdə səfərdə olan Seneqal Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüblər.
TodayPress TV xəbər veriri ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə deputat Ceyhun Məmmədov Azərbaycanın bir sıra beynəlxalq parlament təşkilatlarının fəal üzvü kimi əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. O, parlamentlərarası əlaqələrin inkişafının vacibliyini diqqətə çatdıraraq qeyd edib ki, parlamentarilərin birgə səyləri və qarşılıqlı təmasları ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verə bilər.
Seneqal Milli Assambleyasının deputatı, nümayəndə heyətinin rəhbəri Elhaci Ababakar Tambedu Azərbaycanda müşahidə edilən sabitlik və təhlükəsizlik mühitini yüksək dəyərləndirib. İki ölkə arasında əlaqələrin yalnız parlament sahəsində deyil, digər istiqamətlərdə də genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Elhaci Ababakar Tambedu Bakıda keçirilən İƏTPİ Konfransının 20-ci Sessiyasının yüksək səviyyədə təşkil edildiyini, tədbirdə müzakirə olunan məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Söhbət zamanı deputatlar Tənzilə Rüstəmxanlı və Nigar Məmmədova Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələrin inkişafının, habelə parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin önəmli olduğunu qeyd ediblər.
Görüşdə Azərbaycanla Seneqal arasında mövcud dostluq münasibətləri, parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Beynəlxalq parlament platformalarında müntəzəm təmasların əməkdaşlığın inkişafına töhfə verdiyi söylənilib.
Qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.