"Xalq düşməni" damğasını atıb gəlmişəm bura..." - Heydər ƏIiyevlə təsadüfi görüş

"Xalq düşməni" damğasını atıb gəlmişəm bura..." - Heydər ƏIiyevlə təsadüfi görüş
03.08.2026 13:06 Araşdırma

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə iki aylıq oğluna son dəfə baxanda, yəqin ki, bunun onların son görüşü olacağını təsəvvür etmirdi...

Azər Rəsulzadə 15 iyun 1920-ci ildə, atası həbsdə olarkən dünyaya gəlib. Məhəmməd Əmin Rəsulzadə Stalinin onu Moskvaya apardığı günlərdə bir neçə dəqiqəlik evə gələrək ailəsi ilə görüşə bilmişdi. Bu, onların son görüşü oldu. 

İki aylıq körpənin adı əvvəl Əliheydər olsa da, Məhəmməd Əmin bəy onun adını dəyişdirərək Azər qoyub. O, bu adla Azərbaycanın ilk Azəri olub.

1937-ci ildə sürgünə göndərilən Azər Rəsulzadə 8 iyun 1993-cü ildə Qazaxıstanın Karaqanda şəhərində vəfat edib.

Ertəsi gün onun cənazəsi Bakıya gətirilərək Novxanı qəbiristanlığında babası Axund Hacı Molla Ələkbərin yanında dəfn olunub.

Sovet dövründə bir neçə dəfə gizli  Bakıya gələn Azər Rəsulzadənin 1991-ci ildə Şəhidlər Xiyabanında Heydər Əliyevlə təsadüfi görüşü baş tutub.

Bu barədə oğlu Rəis Rəsulzadə xatirələrində yazır:

"1991-ci il idi. Atam növbəti dəfə Bakıya gəlmişdi. Məktəb dostlarından biri ilə görüşməli idi, görüşün vaxtına isə hələ vardı. Atam mənə dedi: "Gəl, Şəhidlər Xiyabanına gedək, şəhidlərimizi ziyarət edək". O vaxt orada 20 Yanvar şəhidləri də dəfn edilmişdi.

Şəhidlərimizi ziyarət etdik. Xiyabanda bizdən başqa heç kim yox idi. Birdən atam qoluma toxunub dedi: "O, Heydər Əliyevdir". Baxdım ki, həqiqətən də odur. Yanında jurnalistlər var idi, giriş tərəfdə müsahibə verirdi.

Bizi görən kimi hamını kənara çəkib düz yanımıza gəldi. Atamla salamlaşdı və soruşdu: "Siz Məhəmməd Əmin Rəsulzadənin oğlu Azərsiniz?"

Atam "Bəli" deyəndə Heydər Əliyev dedi: "Sizi bir dəfə televizorda görmüşəm. Necəsiniz? Eşitmişdim problemləriniz var, səhhətiniz necədir?"

Atam cavab verdi: "Necə olacaq, "xalq düşməni" damğasını atmışam, gəlmişəm bura".

Heydər Əliyev isə dedi: "Mən də kommunist damğasını atmışam. Sabah Milli Məclisdə çıxış etməliyəm".

Atam söhbət əsnasında dedi ki, bizim burada üç evimiz var idi, hamısını əlimizdən aldılar. Sonra soruşdu: "Düzünü deyin, mən Bakıya gəlsəydim, mənə ev verərdinizmi?"

Heydər Əliyev cavab verdi: "Əlbəttə, verərdim. Bir vaxt "Qlavlit"ə rəhbər vəzifəsi üçün bilikli mütəxəssis axtarırdıq. Dedilər ki, bir namizəd var, amma olmaz, çünki Məhəmməd Əminin qohumudur. Mən də dedim ki, bunun nə fərqi var? Gətirin. O adam da sonradan özünü doğrultdu. Ona görə, kaş ki, o vaxt gəlmiş olardınız..."

O zaman Heydər Əliyev Naxçıvanda fəaliyyət göstərirdi. Dedi ki, indi burada səlahiyyətim yoxdur, amma Naxçıvana gəlin, sizə istədiyiniz şəraiti yarada bilərəm: "Mənim stolumun üstündə Leninin büstü var idi, onu götürüb Məhəmməd Əminin büstünü qoymuşuq, onun bayrağını asmışıq."

Rəis Rəsulzadənin sözlərinə görə, atası Bakıda dəfn olunmağı vəsiyyət etmişdi. Kimsə Heydər Əliyevə Rəsulzadənin oğlunun vəfat etdiyini deyəndə o soruşub: "Siz hələ onu gətirməmisiniz?"

Bundan sonra xəbər aldıq ki, təyyarə gəlir. Gecə ilə gəldilər, atamı Novxanıda babasının yanında dəfn etdik.

Azər Rəsulzadənin Rəis Rəsulzadədən başqa Ramiz adlı daha bir oğlu da olub. O, Naxçıvanda yaşayıb və ömrünün sonuna kimi ağır həyat şəraiti içərisində olub.

Jurnalist Faina Hənifəyeva həmin dövrü belə xatırlayır:

"Kələkiyə Elçibəydən müsahibə almağa getmişdim. Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Ramiz bəyi də özümlə apardım. Elçibəy Rəsulzadənin əlil yadigarını səfalət içində görüb çox məyus olmuşdu. Həmin tanışlıqdan sonra hər ay 50 dollar təqaüd göndərirdi. Bu, Naxçıvanda işsiz yaşayan Ramiz bəy üçün böyük kömək idi. Eşitdim ki, Elçibəyin vəfatından sonra bu yardım kəsildi və Ramiz bəy yenidən bazarda hamballıq etməyə başladı. Deyilənə görə, elə yükün altında da vəfat edib."

Jalə Rövşən 

XƏBƏR LENTİ
03 AVQUST 2026
İsraildə təcili səfərbərlik - 240 min hərbçi geri çağırıldı 14:37 “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi yaradılacaq 14:37 Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi 14:30 ÇL: “Sabah”ın potensial rəqibi bəlli oldu - YENİLƏNDİ 14:11 Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək 14:06 Enerji effektivliyi haqqında qanuna dəyişikliklər təsdiqləndi 13:56 İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqlədi 13:38 Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımını nəzərdə tutan Protokol təsdiqləndi 13:18 Vəzifəli şəxslər həbs olundu 13:15 Gənc cüdoçularımız Skopyedə uğur üçün tatamiyə çıxacaq 13:10 "Xalq düşməni" damğasını atıb gəlmişəm bura..." - Heydər ƏIiyevlə təsadüfi görüş 13:06 Sabah Azərbaycanda neçə dərəcə isti olacaq? - AÇIQLANDI 12:48 Azərbaycan XİN Pakistana başsağlığı verdi 12:45 Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı - VİDEO 12:23 “Formula-1”də gündəm: “Mersedes”dən gözlənilməz qərar 12:19 Kartdan karta köçürməyə limit qoyuldu - Rəsmi reaksiya 12:16 Van Qal yenidən Niderland millisinin sükanı arxasında? 12:08 Jurnalistdən sensasion iddia: Karri nəzarətdə saxlanılır 12:06 Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi 12:04 HDQ-də buraxılış mərasimi keçirildi - VİDEO 11:59 NBA ulduzunun sağlamlığı üçün ayırdığı məbləğ təəccübləndirdi 11:48 Yeni imperiya qurulur... - XXI əsrin İNANILMAZ SSENARİSİ üzərində işləyirlər 11:39 Osimhenin kapitan qərarı transfer iddialarını alovlandırdı 11:37 Ağdərədə mina partlayıb - YARALILAR VAR 11:34 Ceki Çan Bakıya gəldi 11:25 Bütün Xəbərlər