ÇL: “Sabah”ın potensial rəqibi bəlli oldu - YENİLƏNDİ
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
TodayPress TV xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan çempionu “Sabah”ın potensial rəqibi müəyyənləşib.
Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə III təsnifat mərhələsinin qalibləri və məğlublarının mümkün cütləri formalaşıb.
“Bayquşlar” pley-off mərhələsinə yüksələcəyi təqdirdə, “Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.
Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah” Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin “The New Saints” (2:0, 2:1), II təsnifat mərhələsində isə Finlandiyanın “KuPS” (1:0, 2:0) komandalarını mübarizədən kənarlaşdırıb.
Azərbaycan çempionu III təsnifat mərhələsində Danimarkanın “Orhus” klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab qarşılaşmaları isə avqustun 25-26-da keçiriləcək.
14:11
***
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
TodayPress TV Oxu.Az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhəri qitəmiqyaslı tədbirə ev sahibliyi edəcək və mərasimə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.
Bu püşkatma Azərbaycan futbolu üçün də xüsusi önəm daşıyır, çünki Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələn "Orhus" (Danimarka) və "Sabah" (Azərbaycan) cütünün məğlub tərəfini gözləyən rəqib məhz burada müəyyənləşəcək.
Uduzan komanda Avropa Liqasının pley-off mərhələsində aşağıdakı iddialı cütlüklərdən birinin qalibi ilə yaşıl meydanda münasibətlərinə aydınlıq gətirəcək:
"Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi;
"Makkabi" (Tel-Əviv, İsrail) - "ÇSKA Sofiya" (Bolqarıstan) cütünün qalibi;
"Lex" (Polşa) - Kİ Klaksvik (Farer adaları) cütünün qalibi;
"Hradets-Kralove" (Çexiya) - "Beşiktaş" (Türkiyə) cütünün qalibi.
Məlumat üçün bildirək ki, həlledici pley-off mərhələsinin ilk qarşılaşmaları avqustun 20-də, cavab matçları isə avqustun 27-də baş tutacaq.