Vardanyanın məhkəməsində zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdilər

Vardanyanın məhkəməsində zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdilər
10.06.2025 20:50 Hadisə

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyunun 10-da davam etdirilib.

TodayPress TV xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

İclasın əvvəlində təqsirləndirilən Ruben Vardanyan ittiham aktının surətinin ailə üzvlərinə təqdim olunmasına dair məhkəməyə növbəti vəsatətini təqdim edib və əvvəlki iclaslarda verdiyi vəsatətlərə baxılmasını xahiş edib.


Ruben Vardanyanın vəkili Avraam Berman da onun mövqeyini müdafiə edib.


Hakim Zeynal Ağayev isə bildirib ki, hazırda məhkəməyə təqdim olunan vəsatətlərə artıq əvvəlki iclaslarda baxılıb və müvafiq qərarlar qəbul edildiyindən, onlar bu dəfə müzakirəyə çıxarılmır.


Bundan sonra təqsirləndirilən Ruben Vardanyan yenidən məhkəməyə müraciət edərək təqsirləndirildiyi cinayət işi üzrə ittiham aktının rus dilinə olan tərcüməsinin Azərbaycan dili ilə uyğunluğunun ekspertiza keçirilməklə yoxlanılmasına dair növbəti vəsatətini təqdim edib.


Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov deyib ki, təqsirləndirilən dəfələrlə eyni məzmunlu vəsatətlə təkrarən müraciət edir. Ona görə də vəsatət müzakirə predmeti olmamalıdır.


Ardınca məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib. Müşavirə nəticəsində qəbul edilən qərara əsasən vəsatət təmin olunmayıb.


Sonra məhkəmədə zərərçəkənlər ifadə veriblər.


Zərərçəkmişin hüquqi varisi qismində dindirilən Zavur Bədəlov övladı Cavidan Bədəlovun Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.


Qədim Xəlilovun atası İlqar Xəlilov və Elnur Səmədovun atası Sədaqət Səmədov da övladlarının Kəlbəcər rayonunda düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olduqlarını deyiblər.


Hüquqi varis qismində dindirilən Niyaməddin Sadıqov övladı Ceyhun Sadıqovun, digər hüquqi varis Teyyub Əzizalıyev isə övladı Seymur Əzizalıyevin düşmənin təxribatı nəticəsində həlak olduqlarını bildiriblər.


İfadə verən zərərçəkmiş şəxs Elbrus Eminov Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin partlaması, Baloğlan Feyzullayev isə onlara tərəf atılmış “F1” əl qumbarasının partlaması nəticəsində xəsarət aldıqlarını bildiriblər.


Zərərçəkmiş şəxs Tural Cəbiyev Xocalıda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşə tutulmaları nəticəsində güllə xəsarəti aldığını bildirib.


Zərərçəkmiş şəxs Toğrul Osmanlı Xocalı istiqamətində düşmən tərəfindən atılmış qumbaranın partlaması nəticəsində qəlpə yaraları aldığını deyib.


Hüseyn Hadıyev ifadəsində Xocavənd rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış mərminin partlaması nəticəsində sağ döş qəfəsindən xəsarət aldığını bildirib.


Zərərçəkən Fərzani Nəcəfzadə isə ifadə verən zaman bildirib ki, düşmən tərəfindən snayper tüfəngindən atılmış güllənin sol çiyninə dəyməsi nəticəsində xəsarət alıb. Bundan sonra yanında olan şəxslər onun yarasına sarğı qoyarkən Ermənistan Ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri dron vasitəsilə onların olduğu yerə qumbara atıb. O, dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabda bildirib ki, qumbaranın partlaması nəticəsində sol əlindən və sol sifət nahiyəsindən qəlpə yaraları alıb.

Fikrət Məmmədov Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərminin partlaması nəticəsində özünün və Nəsimi Məmmədovun yaralandığını söyləyib.

Zərərçəkmiş şəxs Elçin Quliyev Kəlbəcər rayonunda Ermənistan hərbçilərinin açdığı atəş nəticəsində özünün, Rəvan Rzazadənin və Emin Cəfərovun yaralandığını, Tural Cahangirovun və Ruslan Lalayevin isə həlak olduğunu söyləyib.

Şükür Zeynalov ifadəsində Ağdərə istiqamətində düşmən tərəfindən açılmış atəş nəticəsində güllə yarası aldığını bildirib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında zərərçəkmiş şəxs atəşlər nəticəsində həlak olanların olduğunu bildirib.

Zərərçəkmiş şəxs Famil Məmmədov ifadəsində Ağdərədə olan zaman yaxınlığına düşən artilleriya mərmisinin partlaması nəticəsində qəlpə xəsarətləri aldığını deyib.


Ruslan Abbasov Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralandığını söyləyib.


Ceyhun Şahnamazlı ifadəsində Xankəndidə düşmən tərəfindən drona kustar üsulla yerləşdirilmiş mərminin partlaması nəticəsində yaralandığını bildirib.


Şakir Fətəliyev ifadəsində artilleriya mərmisinin partlaması nəticəsində xəsarət aldığını deyib.


Zərərçəkmiş Əmir Yusifov ifadəsində Kəlbəcərdə minaatan mərmisinin partlaması nəticəsində yaralandığını bildirib.


Zərərçəkən Elgün Aslanlı ifadəsində qeyd edib ki, o, Laçın istiqamətində düşmənin təxribatına məruz qalıb. E.Aslanlı Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında deyib ki, atəşlərdən yayınmaq istəyərkən atılan mərmilərdən biri onun 5 metr yaxınlığına düşərək partlayıb, nəticədə müxtəlif bədən xəsarətləri alıb.


Elcan Nağıyev isə bildirib ki, Xocalıda düşmən tərəfindən atılmış “F1” qumbarasının partlaması nəticəsində xəsarət alıb.


Zərərçəkmiş şəxs Elmir Qurbanov Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində özünün və digər şəxslərin yaralandığını, həmçinin hadisə zamanı bir neçə nəfərin həlak olduğunu bildirib.


Zərərçəkən Nurlan Musayev dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabda bildirib ki, düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində o və daha bir neçə nəfər yaralanıb, hadisə zamanı yanında olan Ömər Şirinov isə həlak olub.


Zərərçəkən Səmran Qurbanlı isə Ağdərə istiqamətində yaralandığını deyib. Dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında bildirib ki, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin onun yaxınlığında partlaması nəticəsində həmin vaxt yanında olan Xəyal Canbaxışov həlak olub, o isə müxtəlif xəsarətlər alıb.


Zərərçəkmişlər - Ruslan Şıxıyev Laçında, Vüsal İbrahimov və Elgiz İsmayılzadə Ağdərədə, Pərviz Quliyev, Əhəd Xəlilzadə, Murad Xəlilov, Nəsib Ələkbərov Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdıqları atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.


Məhkəmə prosesində, zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.


Məhkəmənin növbəti iclası iyunun 17-nə təyin olunub.


Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan Prezidenti: İmzalanan sənədlər paketi əməkdaşlığımızın nə qədər geniş sahələri əhatə etdiyini göstərir 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub 09:12 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Bütün Xəbərlər