Yaponiya orduda yeni mərhələyə keçir: Radar və döyüş təyyarələri süni intellektlə qorunacaq
Yaponiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin radarlarını, döyüş təyyarələrini və dronları yeni proqram təminatı ilə təchiz etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “Nikkei” məlumat yayıb.
Yeni proqram təminatı hərbi texnikaya qarşı kiberhücumların və sistemlər üzərində gizli nəzarətin ələ keçirilməsi cəhdlərinin operativ şəkildə qarşısının alınmasına imkan verəcək.
Proqramın tətbiqinə 2027-ci ildə başlanılması nəzərdə tutulur. Xüsusi diqqətin süni intellektlə işləyən pilotsuz qurğular arasında məlumat mübadiləsi şəbəkələrinin qorunmasına yönəldiləcəyi bildirilir.
Yaponiya indiyədək əsasən Müdafiə Nazirliyinin informasiya sistemlərinə və nazirliklə hərbi qərargahlar arasındakı rabitə şəbəkələrinə yönələn kiberhücumların qarşısının alınmasına diqqət yetirib.
Lakin yeni kiber təhdidlər hərbi texnikaya və müşahidə radarlarına xarici tərəfin gizli şəkildə nəzarət yaratması riskini artırıb.
Bununla yanaşı, Yaponiya hökuməti hədəflərin qiymətləndirilməsi və seçilməsi prosesini sürətləndirmək, həmçinin qoşunların idarə olunması üçün məlumatların inteqrasiyasını təmin etmək məqsədilə süni intellekt sistemlərindən istifadə imkanlarını nəzərdən keçirir.
Türkan İsgəndərli