Britaniyanın milyonlarla funtluq fosil xəzinəsi Əbu-Dabiyə satıldı
Britaniyanın ən əhəmiyyətli özəl Yura dövrü fosil kolleksiyalarından biri Əbu-Dabidəki Təbiət Tarixi Muzeyinə satılıb.
TodayPress TV xəbər verir ki, “The Guardian”ın məlumatına görə, kolleksiyanı almaq üçün Britaniya muzeyləri kifayət qədər vəsait tapa bilməyib.
Britaniyalı mütəxəssislər sövdələşməni ölkə üçün “itki” adlandırıblar.
Dorsetli şəxsi kolleksiyaçı Kris Murun topladığı 318 nümunə arasında ixtiozavr, balıq və xərçəngkimilərin fosilləri var. Nümunələrin bir qisminin elmə əvvəllər məlum olmayan növlərə aid ola biləcəyi bildirilir.
Kolleksiya əvvəlcə Londondakı Təbiət Tarixi Muzeyinə və Uels Muzeyinə təklif olunub. Alışın dəyərinin on milyonlarla funt sterlinq olduğu bildirilsə də, hər iki qurum maliyyə imkanlarının məhdudluğu səbəbindən kolleksiyanı əldə edə bilməyib.
Kolleksiya Britaniyanın məşhur Yura Sahilində, Laym Recis və Çarmut ərazilərinin Aşağı Lias təbəqələrindən toplanıb. Fosillərin yaşı 200-145 milyon il arasında dəyişir.
Birminhem Universitetinin paleobiologiya professoru Riçard Batler kolleksiyanın milli əhəmiyyət daşıdığını bildirib. O, fosillərin Britaniyada sərgilənməsinin və ictimaiyyət üçün əlçatan olmasının arzuolunan olduğunu deyib.
Əbu-Dabi Təbiət Tarixi Muzeyi kolleksiyanı əldə etdiyini təsdiqləyib. Nümunələrin böyük hissəsi artıq muzeyin Mezozoy dövrünə həsr olunmuş qalereyasında nümayiş etdirilir.
Məlumata görə, satış Britaniya qanunlarını pozmayıb. Fosillər arxeoloji tapıntılardan fərqli olaraq avtomatik şəkildə dövlət mülkiyyəti hesab edilmir. Qaydalara əsasən, mühüm nümunələr əvvəlcə Britaniya muzeylərinə təklif edilməlidir. Razılaşma əldə olunmadıqda isə onların xaricə satılması mümkündür.
Ştutqartdakı Dövlət Təbiət Tarixi Muzeyinin eksperti Erin Maksvell satışın Britaniya üçün itki olduğunu bildirib. Bununla belə, o, kolleksiyanın şəxsi əllərdə deyil, dövlət muzeyində qorunmasının müsbət tərəf olduğunu vurğulayıb.
Çarmut Sahil İrs Mərkəzinin paleontoloqu Fil Devidson isə fosillərin harada saxlanılmasından daha vacib məsələnin onların elmi ictimaiyyət üçün əlçatan olması olduğunu qeyd edib.
Mütəxəssislərin fikrincə, kolleksiyanın vahid şəkildə qorunması alimlərə nümunələri araşdırmaq və onların gələcək elmi təsnifatını aparmaq imkanı verəcək.
Türkan İsgəndərli