Metroda məhdudiyyətlər tələbələrin avtobuslardan istifadəsini artıracaq – Güzəştlər olacaq?
"Bakı Metropoliteni" QSC-nin xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkətinin inşaat işləri başa çatanadək dayandırılması paytaxtın ictimai nəqliyyat sistemində əlavə yük yaradacaq. Xüsusilə yeni tədris ilinin başlaması ilə tələbələrin avtobuslardan istifadəsinin artacağı və sərnişin sıxlığının daha da yüksələcəyi gözlənilir.
Nəqliyyat eksperti Yasin Mustafayev TodayPress TV-yə açıqlamasında bildirib ki, metroda yaranacaq məhdudiyyətlər şəhərin nəqliyyat sisteminə müəyyən çətinliklər yaradacaq.

"Ümumilikdə şəhərin nəqliyyat sisteminə ciddi mənfi təsir göstərəcək. Amma bunu önləmək üçün müəyyən tədbirlər həyata keçirilib. Bu gündən ekspress avtobuslar artıq səfərlərə çıxacaq. Həm əlavə ekspress avtobuslar təşkil edilib, həm də mövcud avtobusların, həmin istiqamətdə işləyən avtobusların sayı artırılıb. Bu da müəyyən qədər sıxlığın aradan qaldırılmasında öz rolunu oynayacaq".
Ekspert tələbələr üçün hazırda xüsusi tarif güzəştinin tətbiqinin texniki baxımdan mümkün olmadığını bildirib. Onun sözlərinə görə, gələcəkdə vahid ödəniş sistemi çərçivəsində gündəlik, həftəlik və aylıq tariflərin tətbiqi sərnişinlər üçün daha sərfəli imkanlar yarada bilər:
"Güzəştlərə gəldikdə isə, əslində, bunu fiziki cəhətdən bu dəqiqə etmək mümkün deyil. Planlaşdırılır ki, yaxın gələcəkdə həftəlik, aylıq, gündəlik kart sistemi tətbiq ediləcək. Məsələn, günə 1 manat, 3 manat və ya müəyyən məbləğ ödəməklə gün ərzində, yaxud aya 30 manat kimi sabit ödəniş etməklə sərnişin bir neçə dəfə ictimai nəqliyyatdan istifadə edə biləcək".
Yasin Mustafayev vurğulayıb ki, belə bir sistem xüsusilə gün ərzində ictimai nəqliyyatdan dəfələrlə istifadə edən sərnişinlərin xərclərinin azalmasına imkan verə bilər:
"Bunu həmin formada etmək mümkün olacaq. Hazırda bununla bağlı hazırlıq işləri gedir. Yəqin ki, yaxın gələcəkdə vahid ödəniş sistemi vasitəsilə bunu həyata keçirmək mümkün olacaq", - deyə o, fikrini tamamlayıb.
Türkan İsgəndərli