Bakıda jurnalist zibillənmiş çimərlikləri təmizlədi – İctimai yerlər niyə bu hala salınır?
Jurnalist Günel Gözəlova Novxanı çimərliyindəki çirklənmə ilə bağlı sosial şəbəkə hesabında etiraz paylaşımı edib.
TodayPress TV xəbər verir ki, o, çimərlikdə tanış olduğu xanımla birlikdə sahil zolağında təmizlik işləri apardıqlarını bildirib.
G.Gözəlova qeyd edib ki, sözügedən ərazi 20 ildən çoxdur müəyyən pullu xidmətlər təklif etsə də, avtomobilsiz gələn və restorandan istifadə etməyən sakinlərdən ödəniş tələb olunmur, hətta onlar üçün zibil qutuları və duş yerləri quraşdırılıb. Lakin səhər təmiz olan sahil günü-gündən zibillənir:
“Bura Novxanıda 20 ildən çoxdur pullu xidmət göstərən çimərlik ərazisidir. Fərqi odur ki, maşınsız gələn, restorandan istifadə etməyən sakinlərdən pul almırlar, hətta onlar üçün zibil qutuları, yuyunmaları üçün yerlər də düzəldiblər. Cəmiyyətimizin bəzi üzvləri isə pullu xidmət almadan onlara göstərilən bu qulluğu öz mundarlıqları ilə mükafatlandırırlar. Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bu dəfə xahişim başqadır, gözəl Xəzərin sahilini alın bu “adam”lardan, həsrət qoyun Xəzərə! Böyük villalar, otellər, restoranların sayını artırın, qoy dənizə həsrət qalsınlar!”
Qeyd edək ki, hər il yay mövsümündə Xəzər dənizinin sahil zolaqlarının və çimərliklərin zibillənməsi, vətəndaşların əraziləri təmiz saxlamaması ən çox müzakirə olunan sosial problemlərdən biridir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Fövqəladə Hallar Nazirliyi hər yay mövsümündə vətəndaşlara çimərliklərdə təmizliyə və təhlükəsizlik qaydalarına riayət etməklə bağlı dəfələrlə çağırış edir.
Qiymət Mahir