İranda Azərbaycandan çox yəhudi yaşayır, nədir bu nifrət, Tehran?!
İsrail Mərkəzi Statistika Bürosu və Qüds Siyasət Araşdırmaları İnstitutunun illik demoqrafik hesabatlarına görə, Qüds əhalisinin 39 faizi müsəlmanlardan ibarətdir.
Bu statistika belə bir sualı gündəmə gətirir: Bəs müsəlman ölkələrində bu gün nə qədər yəhudi yaşayır?
Hazırda müsəlmanların əksəriyyət təşkil etdiyi ölkələrdə təxminən 30 min yəhudinin yaşadığı bildirilir. Ən böyük yəhudi icmaları Türkiyədə (təxminən 14,2 min nəfər) və İranda (təxminən 9,1 min nəfər) məskunlaşıb. Daha kiçik icmalar isə Azərbaycanda (təxminən 5 min nəfər) və Mərakeşdə (təxminən 2 min nəfər) yaşayır.
Rəqəmlər 1948-ci illə müqayisədə kəskin azalmanı göstərir. Həmin dövrdə təkcə ərəb dünyasında 850 mindən çox yəhudi yaşayırdı. Məsələn, 1948-ci ilə qədər Mərakeşdə 250 mindən çox, İraqda təxminən 135 min, Misirdə 75 min, Yəməndə isə 50 mindən çox yəhudi yaşayırdı. Bu gün isə həmin ölkələrin əksəriyyətində yəhudi icmaları ya tamamilə yox olub, ya da onların sayı onlarla və ya bir neçə yüz nəfərlə məhdudlaşır.

Müsəlmanların əksəriyyət təşkil etdiyi ölkələrdə yəhudi əhalisinin kəskin azalması əsasən 1948-ci ildə İsrail Dövlətinin yaradılması, sonrakı ərəb–İsrail müharibələri və bölgədə ərəb millətçiliyinin güclənməsi ilə əlaqəlidir.
1948–1970-ci illər arasında Yaxın Şərq və Şimali Afrikada yaşayan yəhudilərin böyük əksəriyyəti artan təzyiqlər, hökumətin tətbiq etdiyi məhdudiyyətlər və bəzi hallarda kütləvi qovulmalarla üzləşib. Onlar yaşadıqları ölkələri tərk etməyə məcbur olublar.
Yəhudi köç dalğası müxtəlif əməliyyatlarla da müşayiət olunub. 1949–1950-ci illərdə həyata keçirilən "Sehrli Xalça" (Operation Magic Carpet) əməliyyatı çərçivəsində təxminən 49 min Yəmən yəhudisi hava yolu ilə İsrailə köçürülüb. 1951–1952-ci illərdə isə "Ezra və Nehemya" əməliyyatı ilə İraq yəhudilərinin böyük əksəriyyəti ölkədən çıxarılıb.
Həmin dövrdə köç edən yəhudilərdən təxminən 600 min nəfəri İsrailə, yüz minlərlə insan isə Fransa, ABŞ və Kanadaya mühacirət edib.

Amma onlar müsəlman ölkələrində tamamilə yox olmayıblar.
Məsələn, İran bu gün də İsraildən kənarda Yaxın Şərqin ən böyük yəhudi icmalarından birinə ev sahibliyi edir.
İran Konstitusiyasına əsasən, yəhudilər rəsmi dini azlıq kimi tanınır və parlamentdə onlar üçün ayrıca deputat yeri də ayrılıb.
Azərbaycan da regionda yəhudi icmasının tarixən qorunub saxlandığı ölkələrdən biridir.

Qubadakı Qırmızı Qəsəbə dünyanın İsrail və ABŞ-dən kənarda yəhudilərin kompakt şəkildə yaşadığı nadir yaşayış məntəqələrindən biridir və burada əsasən dağ yəhudiləri yaşayır.
Araşdırmaçılar yəhudi icmalarının müsəlman ölkələrini tərk etməsinin səbəblərinin bütün ölkələr üçün eyni olmadığını deyirlər. Bəzi hallarda siyasi təzyiqlər və təhlükəsizlik problemləri həlledici rol oynayıb, digər hallarda isə İsrailə köçü təşviq edən proqramlar, iqtisadi amillər və insanların daha təhlükəsiz həyat axtarışı bu prosesi sürətləndirib.

Bir vaxtlar müsəlman ölkələrinin sosial, iqtisadi və mədəni həyatının ayrılmaz hissəsi olan yəhudi icmalarının böyük əksəriyyəti son 80 ilə yaxın müddətdə regionu tərk edib.
Rəqəmlər göstərir ki, İranda Azərbaycandan təxminən iki dəfə çox yəhudi yaşayır. Son dövrlərdə Tehranın Azərbaycana qarşı səsləndirdiyi ittihamlar, İsraillə əməkdaşlıq üzərindən qurduğu təzyiq siyasəti və sərt bəyanatları bizi belə bir sualı verməyə vadar edir: Əgər İran daxilində minlərlə yəhudinin yaşaması problem hesab olunmursa, Azərbaycanın İsraillə dövlətlərarası münasibətləri niyə davamlı olaraq hədəfə çevrilir? Bu nifrətin səbəbi nədir?!
Jalə Rövşən