Ermənistan Zəngəzur dəhlizi ilə bağlı mühüm addım atdı
Ermənistan hökuməti ABŞ ilə imzalanmış “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (Zəngəzur dəhlizi) layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişinin ratifikasiyası prosesinə başlayır.
TodayPress TV Ermənistan KİV-ə istinadən xəbər verir ki, məsələ sabah keçiriləcək hökumət iclasında müzakirə olunacaq.
Bildirilib ki, hökumət 2026-cı il iyunun 1-də Vaşinqtonda və 2026-cı il iyunun 4-də İrəvanda imzalanmış Ermənistan ilə ABŞ arasında “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyəcək.
Hökumətin qərarında qeyd olunub ki, beynəlxalq müqavilədə nəzərdə tutulan öhdəliklərin Ermənistan Konstitusiyasına uyğunluğunun müəyyən edilməsi məqsədilə məsələ Konstitusiya Məhkəməsinə göndəriləcək.
Ermənistan Konstitusiya Məhkəməsi müqavilənin Konstitusiyaya uyğun olduğu barədə qərar qəbul edəcəyi təqdirdə hökumətin qanunvericilik təşəbbüsü müəyyən edilmiş qaydada parlamentə təqdim olunacaq.
Qərara əsasən, Konstitusiya Məhkəməsində hökumətin nümayəndəsi qismində xarici işlər nazirinin müavini Vahan Kostanyan təyin ediləcək və ona “Konstitusiya Məhkəməsi haqqında” konstitusiya qanununa əsasən tərəfə verilmiş bütün hüquqlar həvalə olunacaq.
Layihənin əsaslandırma hissəsində də vurğulanıb ki, hüquqi aktın məqsədi 2026-cı il iyunun 1-də Vaşinqtonda və 2026-cı il iyunun 4-də İrəvanda imzalanmış Ermənistan ilə ABŞ arasında “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişinin ratifikasiya edilməsidir.