Vahidi və Səfəvinin fotoları hədəf lövhəsinə qoyuldu - SEPAH-ın iki generalına ölüm fətvası
İranın hərbi-siyasi rəhbərliyinin hədəf alınması və ard-arda baş verən qanlı hadisələr bu gün regionun ən çox müzakirə edilən mövzusudur.
Dövlətin onurğa sütununu təşkil edən bir çox ali rəhbərin eyni vaxtda həyatını itirməsi ölkəni çox ağır bir idarəetmə böhranı ilə üz-üzə qoyub.
Ayətullah Əli Xamenei, Əli Şamxani, Məhəmməd Pakpur, Əbdülrəhim Musavi və Əziz Nəsirzadə kimi dövlətin ən mühüm qərar qəbul edən simalarının artıq həyatda olmaması istənilən dövlət aparatı üçün ölümcül sarsıntıdır.
Bu nəhəng itkilərdən sonra sağ qalan, lakin hər an hədəfdə olan SEPAH komandanı Əhməd Vahidi və Ali Rəhbərin hərbi müşaviri Seyid Yəhya Səfəvinin də öldürülmə riski son dərəcə yüksəkdir.
Çünki rəqib güclər artıq siyasi təzyiqlə kifayətlənmir, birbaşa rəhbər şəxsləri fiziki olaraq yox etmək strategiyası ilə hərəkət edir. Vahidi və Səfəvi kimi hərbi beyinlərin də sıradan çıxarılması ordunun regional hərəkət qabiliyyətinə və yeni rəhbərliyin müdafiə planlarına sarsıdıcı zərbə vura bilər.
Ancaq bütün bu sui-qəsdlər ilk baxışda rejimi zəiflədib çöküşə aparır kimi görünsə də, reallıq daha mürəkkəbdir.
Siyasi müstəvidə Əli Xameneinin ölümündən sonra onun oğlu Müctəba Xameneinin yeni Ali Rəhbər seçilməsi ilə hakimiyyət daxildən dağılmadı, əksinə daha da aqressivləşdi.
Yeni gələn gənc nəsil rəhbərlik köhnələrə nisbətən daha amansız, güzəştsiz və qətiyyətlidir. Onlar Qərblə heç bir diplomatiyaya inanmır və daxildəki repressiyaları daha da sərtləşdirirlər.
SEPAH mərkəzi idarəetmədən asılı olmayan, fərqli bölgələrdə müstəqil qərar verə bilən asimmetrik sistemlə işləyir. Buna görə də generalların itirilməsi ordunu tam iflic etmir, nəzarəti zəiflədir.
Nəzarətsizlik isə kiçik komandirlərin daha xaotik, proqnozlaşdırılmaz və qisasçı addımlar atmasına yol açır. Reallıq budur ki, ağır zərbələrə baxmayaraq, Tehran asanlıqla yıxılmır.
İran artıq hər an hər addımı ata bilən təhlükəli bir dövlətə çevirilib. Hakimiyyətin tamamilə çökməsi üçün generalların öldürülməsi kifayət etmir, ölkə daxilində xalqın və ordunun aşağı eşalonunun rejimə qarşı tam ayağa qalxması lazımdır. ABŞ bundan müəyyən qədər istifadə etməyə çalışsa da, sona qədər davam etdirə bilmədi.
Jalə Rövşən