İran tarixi fürsəti qaçırdı: Amerikan bombaları ölkəyə düşür - SEPAH ərəb ölklərinin boş çöllərinə raket atır
Dünyanın diqqəti Dünya Çempionatına yönələn günlərdə Yaxın Şərqdə tam fərqli mənzərə formalaşır. ABŞ İrana qarşı gecə saatlarında ardıcıl hava zərbələri endirir, Tehran isə Fars körfəzi ölkələrindəki Amerika bazalarına raket və pilotsuz uçuş aparatları ilə cavab qaytarır.
İyunun 17-də imzalanmış atəşkəs memorandumu praktiki olaraq çökdü və tərəflər yenidən “tükəndirmə" məntiqinə qayıtdı. Tramp isə iyulun əvvəlində razılaşmanın “bitdiyini” elan etdi.
Amerikanın strategiyası siyasi masaya qayıtmağa məcbur etmək üçün İranın hərbi və iqtisadi potensialını mərhələ-mərhələ zəiflətməkdir. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, iyulun 7-də 80-dən çox hədəf — hava hücumundan müdafiə sistemləri, sahil radarları və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH / IRGC) sürətli qayıqları vuruldu; eyni gün İran neftinə qarşı sanksiyalar yenidən tətbiq edildi.
İyulun 11–12-də isə bir gecədə təxminən 140 hərbi obyekt — raket və dron atəş mövqeləri, dəniz aktivləri və sursat anbarları hədəfə alındı.
Hərbi zərbələr iqtisadi təzyiqlə tamamlandı. Tramp İran limanlarına yenidən blokada elan etdi. Nəticədə enerji bazarı sarsıldı — "Brent" markalı neft iyulun 13-də 9,59% bahalaşaraq bir bareli 83,30 dollara qədər qalxdı. Yəni Vaşinqton həm silaha, həm də neftə eyni vaxtda təzyiq göstərir.
Müharibə ABŞ və İsrailin birgə zərbələri ilə başlamışdı, lakin bu son mərhələdə İsrail müharibədən kənarda saxlanılır. CNN-in iki israilli mənbəyə istinadən yazdığına görə, Baş nazir Benyamin Netanyahu zərbələrə qoşulmaq istəsə də, ABŞ münaqişənin nəzarətdən çıxmasından ehtiyat edərək İsraili prosesə buraxmır.
İsrailli təhlilçilər deyir ki, indiki qarşıdurma məhz Hörmüz boğazı ətrafında gedir və bu, birbaşa İsrailin problemi deyil — daha çox ABŞ və Körfəz dövlətlərinin məsələsidir. Bu da o deməkdir ki, İran İsraili vurmaqla “buxarını çıxara” bilmir: cari savaş ABŞ–İran və Körfəz xətti üzərində cərəyan edir, İsrail isə “qırmızı xətt” rejimində gözləməkdədir.
İndi İran cavab zərbələrini Qətər, Küveyt, Bəhreyn, BƏƏ, Oman və İordaniyaya yönəldib. Amma burada mühüm bir nüans var. Pentaqon zərbələrdən əvvəl bir sıra bazaları İran raketlərinə yaxınlıq səbəbindən əvvəlcədən boşaltmışdı. İordaniya öz hava məkanına daxil olan dörd raketi vurub. Yəni İranın atəşinin böyük hissəsi ya boşaldılmış, ya da möhkəmləndirilmiş obyektlərə düşür. Bu, simvolik təzyiq idi. Tehran eyni zamanda Hörmüzü “bağlı” elan edib və boğazdan keçən gəmilərə atəş açıb, bu da ABŞ -nin zərbələr üçün əsas bəhanəsi idi.
“İranın az texnikası qalıb” tezisi tam birmənalı deyil. Bir tərəfdən, ABŞ kəşfiyyatı martda İranın raket arsenalının təxminən üçdə birinin məhv edildiyini qiymətləndirmişdi, digər tərəfdən, bəzi analitiklər bunun əks tərəfini vurğulayır. Qarşılıqlı tükəndirmə savaşı ilə üz-üzəyik — hər iki tərəf ehtiyatlarını sürətlə əridir.
İyunun 17-də Pakistan və Qətərin vasitəçiliyi ilə İsveçrədə aparılan danışıqlardan sonra 14 bəndlik “İslamabad Anlaşma Memorandumu” imzalanmışdı. Sənəd kommersiya gəmilərinin təhlükəsiz keçidini, 60 gün ərzində rüsumsuz nəqliyyatı və boğazın gələcək idarəçiliyinin Omanla birgə müəyyənləşdirilməsini nəzərdə tuturdu.
Bu razılaşma məhz Hörmüz üzərində sındı. İran boğazdan keçid üçün rüsum tələb etməkdə israrlıdır; Oman könüllü töhfələr modelinə üstünlük verir; Tramp isə heç bir rüsumun olmayacağını bəyan edib. İyulun 6–7-də məhz gəmilərə edilən hücumlardan sonra ABŞ bunu “razılaşmanın kobud pozulması” adlandırdı və atəşkəsi ləğv etdi.
Beləcə tarixi fürsət əldən verildi. Zəif mövqedə olan İran sanksiyaların yumşaldılmasını və gərginliyin azaldılmasını təsbit edə bilərdi, lakin, o, Hörmüz kartından həddən artıq istifadə etdi. Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) da bəyan etmişdi ki, davamlı sülh İranın “təhdidlərinin bütün spektrini” — raketləri, dronları və regional proksi qüvvələri əhatə etməlidir.
Lakin tarazlıq üçün əks arqumenti də qeyd etmək lazımdır. İranın baş danışıqçısı Məhəmməd Baqir Qalibaf Vaşinqtona “etibar etmədiklərini” açıq bildirdi. ABŞ atəşkəs və danışıqlar dövründə də zərbələri davam etdirmişdi, Körfəz dövlətləri isə İranın imkanlarının “birdəfəlik və qalıcı” şəkildə aradan qaldırılmasını tələb edirdi. Tehranın nəzərində bu “razılaşma” bərabərhüquqlu sövdələşmə deyildi. Bu atəş altında tərksilaha bənzəyirdi. Ona görə, yenə də, bunun “tarixi fürsət”, yoxsa gizli bir tələ olması məsələsi prosesə hansı bucaqdan baxılmasından asılıdır.
Hörmüz düyünü bir neçə xətti eyni anda bir-birinə bağlayır. Bura qlobal enerji bazarları, ABŞ-nin etibarlılığı, Körfəz təhlükəsizliyi və İranın sağ qalmaq hesabı.
Siyasi həll yolu tapılmadan davam edən tükəndirmə müharibəsi daha uzun və daha baha başa gələn bir mərhələyə çevrilə bilər. Razılaşmanın pəncərəsi daralıb. Onu yenidən açmaq üçün isə məhz razılaşmanı sındıran əsas sualı — boğazdakı rüsum və nəzarət məsələsini həll etmək lazım gələcək. Hələlik isə hər iki tərəf danışıq masasından çox, atəş xəttinə üstünlük verir.
Jalə Rövşən