Qadınlara eyham vurdu, etiraz seli başladı - Taleh Yüzbəyovun reklamı ilə bağlı müzakirələr səngimir
Son günlər yerli sosial şəbəkə seqmentində ən çox müzakirə olunan mövzulardan biri tanınmış aktyor Taleh Yüzbəyovun çəkildiyi dondurma reklamı olub. Sözügedən çarx həm yaradıcı yanaşması, həm də cəmiyyətə ötürdüyü mesajlar baxımından ciddi rezonans doğurub və sosial media istifadəçilərinin kəskin tənqidlərinə tuş gəlib.
Hər şey reklam çarxında estetik əməliyyat etdirən qadınlara eyham vurularaq “təbii dondurma” anlayışının ön plana çıxarılması ilə başlayıb. Reklamın yaradıcı heyəti təbii tərkibli dondurmanı vurğulamaq üçün qadınların xarici görünüşündəki süni dəyişiklikləri hədəf seçib. Lakin bu təqdimat forması gözlənilən uğuru gətirmək əvəzinə, xüsusilə qadın istifadəçilər tərəfindən narazılıqla qarşılanıb.
Şəbəkə istifadəçiləri qeyd ediblər ki, çarx qadın bədəni və görünüşü üzərindən mənfi stereotipləri gücləndirir. Reklamda qadınların estetik seçimlərinin lağa qoyulması və bunun məhsulun təbii olması ilə müqayisə edilməsi alçaldıcı və cinsiyyətçi bir mesaj kimi qiymətləndirilib. Bir çoxları vurğulayıb ki, qadınların öz bədənləri üzərindəki qərarları bir dondurma brendinin marketinq alətinə çevrilməməlidir.
Sosial şəbəkələrdə artan təzyiqlərdən və müzakirələrdən cəmi bir gün sonra Taleh Yüzbəyov platformalarda yeni bir reklam çarxı təqdim edib. Bu dəfə isə hədəfdə kişilər olub. Yeni çarxda cəmiyyətdəki yaltaqlıq və qeyri-səmimi davranış nümayiş etdirən kişi obrazları tənqid atəşinə tutulub. Reklamın bu hissəsi bir növ "tarazlıq yaratmaq" cəhdi kimi görünsə də, izləyiciləri razı salmayıb.
İstifadəçilərin böyük qismi bu iki çarx arasında bərabərlik prinsipinə əməl olunmadığını bildiriblər. Şərhlərdə qeyd olunub ki, birinci reklamda qadınların anadangəlmə və ya sonradan qazandıqları fiziki görünüşü birbaşa hədəfə alınırdısa, ikinci reklamda xarakter və konkret mənfi davranış forması tənqid olunur. İzləyicilər vurğulayıblar ki, insanın fiziki görünüşü ilə onun etik davranışı eyni tərəziyə qoyula bilməz və bu müqayisə birinci reklamdakı qadınlara qarşı edilən bədən tənqidini sığortalamır.
Kommersiya nöqteyi-nəzərindən bu reklam hədəfinə çatıb desək, yanılmarıq. Reklamın əsas məqsədi diqqət çəkmək, danışılmaq və yadda qalmaqdır. Bu gün hər kəs bu dondurma brendindən və "təbiilik" vurğusundan danışırsa, marketinq strategiyası tamamilə işləyib. Brend risksiz, sıradan bir ailə ssenarisi çəkmək əvəzinə, cəmiyyətin həssas damarına toxunaraq böyük bir "piar" dalğası yaradıb.
Türkan İsgəndərli