Türkiyə 6 min kilometrdə olan bütün hədəfləri yox edən "İldırım" ixtira etdi
2026-cı ilin may ayı Türk dünyasının müdafiə sənayesi tarixinə geosiyasi balansların kökündən dəyişdiyi bir dövr kimi daxil oldu. SAHA 2026 müdafiə sərgisində nümayiş olunan "Yıldırımxan" qitələrarası ballistik raketi, Türkiyənin və bütövlükdə Türk dünyasının hərbi gücündə yeni bir səhifə açdı.

Ankara qlobal oyunçu kimi öz mövqeyini rəsmiləşdirir.
"Yıldırımxan"ın hekayəsi təqribən on il əvvələ, 2016-cı ilə gedib çıxır. Türkiyə Milli Müdafiə Nazirliyinin Tədqiqat və İnkişaf Mərkəzinin (MSB ARGE) tam gizlilik şəraitində başladığı bu nəhəng layihə, illərlə davam edən mühəndislik zəhmətinin məhsuludur. Raketin texniki göstəriciləri birbaşa olaraq onun qlobal strateji əhəmiyyətindən xəbər verir.
6000 kilometrdən artıq mənzili ilə "Yıldırımxan" Avropanın böyük hissəsini, Asiya və Afrikanın geniş ərazilərini öz təsir dairəsinə salır.

Hipersonik sürət həddi olan Mach 25-ə çataraq hərəkət edən bu nəhəngin qarşısını almaq üçün hazırda dünyada mövcud hava hücumundan müdafiə sistemlərinin effektivliyi sual altındadır.
Raketin texniki arxitekturası da onun ciddi bir çəkindirmə vasitəsi olduğunu təsdiqləyir. Təxminən 3 tonluq böyük pay yükü daşıya bilən və maye yanacaqla işləyən dörd mühərrikli dizayn, həm mobil TEL platformalarından, həm də silo sistemlərindən atılma qabiliyyətinə malikdir.
Türkiyənin əvvəllər təqdim etdiyi "Bora" və ya "Tayfun" sistemlərindən daha üstün bir texnoloji sıçrayışla qarşı-qarşıyayıq.
Hər nə qədər konvensional silah kimi xarakterizə edilsə də, raketin potensialı onu qlobal hərbi ekspertlərin ən çox müzakirə etdiyi mövzuya çevirib.
Sınaq prosesi də layihənin miqyasından az-çox xəbər verir. 2026-cı ildə laboratoriya sınaqlarını başa vuran mühəndislər, növbəti mərhələni Somali poliqonunda həyata keçirməyi planlaşdırırlar. Türkiyənin 2024-2025-ci illərdən etibarən Somalidə kosmik liman və raket sınaq zonası qurması təsadüfi deyil. Hind Okeanına birbaşa çıxış, bu cür uzaqmənzilli raketlərin təhlükəsiz və sınaq üçün ideal şəraitdə yoxlanılmasına imkan verir.
"Yıldırımxan" həm də Türkiyənin "Polad Qübbə" təşəbbüsünün tərkib hissəsi kimi tam müstəqil müdafiə sənayesi hədəfinin zirvəsidir.
NATO üzvü olan Türkiyənin belə bir imkana sahib olması, ittifaq daxilindəki tarazlıqları yenidən masaya qoyur. Yunanıstan, İsrail və İran kimi ölkələrin narahatlığı anlaşılandır, çünki bu raket regional rəqabətdə "oyun pozan" gücə malikdir.
![]()
Bununla belə, raketin adında daşınan tarixi simvolizm – "Yıldırımxan" – Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi qardaş ölkələrlə gələcək hərbi-texniki əməkdaşlıq üçün də yeni qapılar açır. Gələcəkdə birgə texnologiya transferi və müdafiə sistemlərinin inteqrasiyası, Türk dünyasının təhlükəsizlik arxitekturasını kökündən dəyişəcək.
30-cu illərə doğru ordu sıralarına daxil olması gözlənilən "Yıldırımxan", hələ ki, sınaq mərhələsindədir.
Artıq aydındır ki, layihə Türkiyəni qlobal güc oyunçularının klubuna yaxınlaşdırır. Maye yanacaqlı sistemlərin qatı yanacaqlı ICBM-lərə nisbətən qəfil reaksiyalar üçün müəyyən çətinlikləri olsa da, 3 tonluq zərbə gücü bu boşluğu kompensasiya edir.
Vurğulayaq ki, ki, "Yıldırımxan" həm də milli qürur, strateji muxtariyyət və Türk dünyasının gələcək təhlükəsizlik qalxanıdır. Dünya sülh dövründə ən böyük çəkindirici amilə çevriləcək bir mühəndislik möcüzəsini qarşılayır.
Jalə Rövşən