Tehran Azərbaycana informasiya savaşı elan edir, akademiya prezidenti isə İrana səfərə gedir - KOLLİZİYA
Tehran Azərbaycana informasiya savaşı elan edir, akademiya prezidenti isə İrana səfərə gedir.
“İranın Kəşfiyyat Nazirliyi Azərbaycan Dövlət Televiziya kanalını da daxil etdiyi “düşmən media qurumları” ilə bağlı siyahısını iyulun 23-ə yayımlayıb. Yəni AZ TV ilə istənilən formada əməkdaşlıq edən, məlumat, foto, video və ya digər materiallar göndərən İran vətəndaşları “Casusluğa və sionist rejimlə əməkdaşlığa görə cəzanın sərtləşdirilməsi haqqında qanunun” 4-cü maddəsi çərçivəsində cinayət məsuliyyətinə cəlb olunacaqlar”.
TodayPress TV xəbər verir ki, politoloq Elxan Şahinoğlu bunu öz “Facebook” hesabında yazıb.

O əlavə edib ki, siyahıda Güney Azərbaycan Televiziyası da var və İran vətəndaşları əsasən Günaz TV-yə şəkil və video göndərir, şərhlər verirlər. Buna baxmayaraq, İranın Kəşfiyyat Nazirliyi AZTV-ni siyahıya məhz ona görə əlavə edib ki, bu Azərbaycan dövləti əleyhinə atılmış addım kimi qiymətləndirilsin:
“Bu qərardan bir neçə gün sonra Ərdəbildə "Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü" və "Ərdəbil Həftəsi" keçirilib və həmin tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və mədəniyyət nazirinin müavini Fərid Cəfərov iştirak ediblər. Halbuki İranın Kəşfiyyat Nazirliyi Azərbaycan əleyhinə qərarı yayımladıqdan sonra səfər təxirə salına bilərdi. Tədbirlər zamanı onlara “Səhər” kanalının mikrofonları uzadılıb və təmsilçilərimiz tədbir, o cümlədən iki ölkə arasındakı münasibətlər barədə fikirlərini bildiriblər. Tutaq ki, oxşar mədəniyyət tədbiri Bakıda keçirilir və həmin tədbirə İran rəsmiləri, elm adamları və millət vəkilləri dəvət olunurlar, həmin şəxslər də onlara uzanan AZ TV mikrofonlarına fikirlərini bildirir, şərh verirlər. Maraqlıdır, həmin şəxslər ölkələrinə qayıtdıqdan sonra İranın Kəşfiyyat Nazirliyi onlara qarşı cinayət işi açarmı?”
Qeyd edək ki, İranın Kəşfiyyat Nazirliyi bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan dövlət televiziya kanalı olan AzTV-ni "düşmən media qurumları" siyahısına daxil edib.
Medianın İnkişafı Agentliyi (MEDİA) bu barədə bəyanatında qeyd edib ki, müvafiq maddənin tələbləri və qarşılıqlılıq prinsipi nəzərə alınaraq, Azərbaycan milli maraqlarına zidd fəaliyyət göstərən, ölkənin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan media subyektlərinin - "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir.
Qiymət Mahir