“Arsenal” Vinisius bombasını partlatmağa hazırlaşır
İngiltərənin “Arsenal” klubu “Real Madrid”in hücumçusu Vinisius Junioru yay transfer pəncərəsində əsas hədəf kimi müəyyənləşdirib.
TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “Arsenal”ın baş məşqçisi Mikel Arteta braziliyalı futbolçunun transferində maraqlıdır və klub daxilində Vinisiusun keçidi yay dövrünün əsas prioriteti hesab olunur.
Bununla belə, Vinisius “topçular”ın sol cinah hücumunu gücləndirmək üçün nəzərdən keçirdiyi bir neçə namizəddən biridir.
Xatırladaq ki, daha əvvəl “Arsenal”ın “Real”ın futbolçusuna maraq göstərdiyi barədə xəbərlər yayılmışdı. Hazırda Vinisiusun Madrid təmsilçisi ilə müqaviləsi 30 iyun 2027-ci il tarixinədək qüvvədədir və yeni anlaşma hələ imzalanmayıb.
26 yaşlı hücumçu ötən mövsüm bütün turnirlərdə 53 oyunda iştirak edib, 22 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalında futbolçunun bazar dəyəri 140 milyon avro qiymətləndirilir.
Namiq HUN