Media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi təşkil edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün “Smart media və sosial trend analizi” mövzusunda “Sosial Jurnalistika” təlimi təşkil olunub.
TodayPress TV xəbər verir ki, təlimdə ölkənin müxtəlif informasiya resurslarını təmsil edən 20 media qurumundan jurnalistlər iştirak edib.
İştirakçılara rəqəmsal media mühitində yeni tendensiyalar, sosial siyasətin informasiya müstəvisində təqdimatı, eləcə də ictimai rəyin formalaşmasında sosial mövzuların işıqlandırılması barədə geniş izahlar təqdim olunub.
Sonra mövzunun mənimsənilmə keyfiyyətini müəyyənləşdirmək məqsədi ilə interaktiv vörkşop keçirilib. İştirakçılar təlim mövzusunu əhatə edən test tapşırıqlarını cavablandıraraq öz biliklərini yoxlayıblar.
Sonda media nümayəndələrinə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, 2023-cü ildən etibarən mütəmadi keçirilən və sayca 10-cu olan “Sosial Jurnalistika” təlimi çərçivəsində hər il yüzlərlə media nümayəndəsi aktual sosial mövzular barədə məlumatlandırılır, onların peşəkar bacarıqlarının inkişafına və sosial sahənin işıqlandırılmasında keyfiyyətin yüksəldilməsinə dəstək göstərilir.