Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Son illər həm qlobal avtomobil bazarında, həm də Azərbaycanda Çin istehsalı olan avtomobillərə maraq sürətlə artır. Bir vaxtlar əsasən münasib qiyməti ilə seçilən Çin markaları artıq texnologiya, təhlükəsizlik və innovasiya sahəsində də dünyanın aparıcı avtomobil istehsalçıları ilə rəqabət aparır. Mütəxəssislərin fikrincə, bu tendensiya yaxın illərdə daha da güclənəcək.
Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev TodayPress TV-yə bildirib ki, artıq Çin avtomobillərinin dünya brendləri ilə rəqabət apardığını əminliklə söyləmək mümkündür.

Onun sözlərinə görə, bunun ən mühüm sübutu elə Çin avtomobil bazarının özündə baş verən dəyişikliklərdir:
"Bəli, artıq bunu demək mümkündür: Çin avtomobilləri təkcə qiymətlə deyil, texnologiya, təhlükəsizlik və innovasiya baxımından da dünya brendləri ilə ciddi rəqabət aparır. Ən mühüm göstərici isə elə Çin bazarının özüdür. Bu gün Çində satılan minik avtomobillərinin təxminən 70 faizə yaxını yerli markaların payına düşür. Halbuki bir neçə il əvvəl bazarda Avropa, Yaponiya və Amerika istehsalçıları daha güclü mövqeyə malik idi. Son illərdə isə yerli istehsalçılar sürətlə bazar paylarını artıraraq xarici markaları geridə qoyublar".
Ekspert hesab edir ki, Çin istehsalçılarının yüksəlişi təsadüfi deyil. Onun sözlərinə görə, bunun arxasında texnoloji inkişaf və istehsal üstünlükləri dayanır:
"Bunun əsas səbəbləri elektrik və hibrid avtomobil texnologiyalarında əldə olunan böyük irəliləyiş, süni intellekt və rəqəmsal funksiyalara üstünlük verilməsi, qiymət və təchizat baxımından daha sərfəli təkliflər, eləcə də batareya texnologiyalarında və istehsal gücündə qazandıqları lider mövqedir".
Adil Nəbiyev Azərbaycanda da oxşar prosesin müşahidə olunduğunu bildirib. O qeyd edib ki, son illərdə Çin avtomobillərinə maraq davamlı şəkildə artır və bu dinamikanın gələcəkdə də davam edəcəyi gözlənilir.
"Azərbaycanda da bu tendensiyanın davam edəcəyini düşünürəm. Artıq bazarda Çin istehsalı olan avtomobillərə maraq ildən-ilə artır. Əgər bu markalar satışdan sonrakı xidmət, ehtiyat hissələrinin əlçatanlığı və servis şəbəkəsini daha da gücləndirə bilsələr, onların bazar payı yaxın illərdə daha da artacaq. Ənənəvi avtomobil istehsalçıları hələ də mühüm üstünlüklərini qoruyub saxlayırlar. Yaponiya və Avropa markaları etibarlılıq, uzunömürlülük və ikinci əl bazarında dəyərini qorumaq baxımından hələ də üstünlüklərini saxlayırlar. Buna görə də yaxın gələcəkdə bazarda tam üstünlükdən deyil, daha güclü rəqabətdən danışmaq daha doğru olar".
Ekspertin fikrincə, yaxın 5-10 il ərzində Azərbaycanda avtomobil alıcılarının seçim meyarları da dəyişəcək.
"Mənim fikrimcə, yaxın 5-10 il ərzində Azərbaycanda avtomobil bazarında seçim meyarı artıq təkcə avtomobilin hansı ölkədə istehsal olunması deyil, təklif etdiyi texnologiya, təhlükəsizlik səviyyəsi, servis keyfiyyəti, ehtiyat hissələrinin əlçatanlığı və istismar xərcləri olacaq. Məhz bu amillər hansı markanın bazarda daha uğurlu olacağını müəyyən edəcək", - deyə o, fikrini tamamlayıb.
Türkan İsgəndərli