Tramp "doğum turizmi"nə qarşı yeni sərəncam imzaladı
ABŞ Prezidenti Donald Tramp "doğum turizmi"nə qarşı mübarizəni gücləndirən yeni sərəncam imzalayıb.
TodayPress TV xəbər verir ki, Ağ Evin açıqlamasına görə, sərəncamın məqsədi ABŞ vətəndaşlığının "mənasını və dəyərini qorumaq", həmçinin immiqrasiya sistemindən sui-istifadənin qarşısını almaqdır.
Sərəncam çərçivəsində ABŞ-yə yalnız uşaq dünyaya gətirməklə vətəndaşlıq əldə etmək məqsədilə gələn şəxslərə qarşı viza və immiqrasiya nəzarətinin sərtləşdirilməsi nəzərdə tutulur. Administrasiya bildirir ki, bu məqsədlə fəaliyyət göstərən "doğum turizmi" şəbəkələri immiqrasiya qanunlarından yayınmağa çalışır.
Tramp administrasiyası həmçinin açıqlayıb ki, indiyədək 3 milyondan çox qanunsuz miqrant deportasiya olunub.
Yeni sərəncamın ABŞ Konstitusiyasının doğumla vətəndaşlığı tənzimləyən müddəaları ilə bağlı məhkəmə mübahisələrinə səbəb olacağı gözlənilir. Hüquqşünaslar və vətəndaş hüquqları təşkilatları sənədin məhkəmələrdə mübahisələndiriləcəyini bildirirlər.
Türkan İsgəndərli