Husilər vurdu, gəmilər körfəzin "boğazında qaldı"
Yəməndə fəaliyyət göstərən husilərin Səudiyyə Ərəbistanına məxsus neft tankerinə raket hücumu etdiklərini açıqlamasından sonra Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmiçilik trafiki nəzərəçarpacaq dərəcədə azalıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Kpler" şirkətinin məlumatlarına əsasən, avqustun 6-da Hörmüz boğazından cəmi iki gəmi keçib. Bunlardan biri Panama bayrağı altında üzən kömür daşıyan gəmi, digəri isə Marşal adaları bayrağı altında üzən yük gəmisidir.
Nəşr müqayisə üçün qeyd edib ki, bir gün əvvəl bu göstərici səkkiz gəmi idi.
ABŞ və İsrail arasında müharibənin başlamasından, eləcə də İranın Hörmüz boğazını bağlamasından əvvəl isə bu strateji su yolundan gündə orta hesabla 130-140 gəmi keçirdi.
Bab əl-Məndəb boğazında da analoji vəziyyət qeydə alınıb.
"Kpler"in məlumatına görə, həmin gün boğazdan yalnız Baham adaları bayrağı altında üzən bir quru yük gəmisi keçib. Bu isə əvvəlki günlə müqayisədə 20 gəmi azdır.
Xatırladaq ki, husilər çərşənbə günü Səudiyyə Ərəbistanının Yanbu limanı yaxınlığında bir neft tankerinə, Ədən körfəzində isə digər Səudiyyə tankerinə raket zərbələri endirdiklərini bəyan ediblər.
Lakin Səudiyyə Ərəbistanı bu iddiaları hələlik təsdiqləməyib.
Qeyd edək ki, husilər ötən aydan etibarən Səudiyyə Ərəbistanının Yəmənə qarşı "mühasirə" tətbiq etdiyini əsas gətirərək Qırmızı dənizdə Səudiyyə gəmilərinə qarşı dəniz blokadası elan ediblər.
Ər-Riyad isə bu ittihamları rədd edir.
Jalə Rövşən