Türkiyənin NATO-da söz sahibinə çevirilməsi Azərbaycan üçün inanılmaz imkanlar açdı
Regional təhlükəsizlik arxitekturasının sürətlə dəyişdiyi dövrdə Azərbaycanın milli təhlükəsizlik strategiyası və müttəfiqlik əlaqələri xüsusi aktuallıq kəsb edir. Rəsmi Bakının xarici siyasətində ən mühüm yerlərdən birini tutan Türkiyə ilə münasibətlər regional təhlükəsizlik kontekstində strateji əhəmiyyətə malikdir.
Xüsusilə Ankara-Bakı xəttindəki hərbi işbirliyi fonunda fundamental bir sual yaranır: Qardaş ölkənin qlobal hərbi-siyasi Alyansın aparıcı qüvvələrindən biri olması Azərbaycan üçün nə deməkdir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü Anar İsayev bildirib ki, Türkiyənin NATO üzvü və Alyansın ən güclü ordularından birinə sahib olması Azərbaycan üçün bir neçə mühüm məna daşıyır:
“Türkiyə Azərbaycanın əsas hərbi tərəfdaşlarından biridir. Birgə təlimlər, hərbi təhsil proqramları və müdafiə sənayesi əməkdaşlığı Azərbaycan Ordusunun imkanlarının inkişafına töhfə verir. Türkiyə NATO standartlarının Azərbaycan Silahlı Qüvvələrində tətbiqinə dəstək göstərir. Həmçinin Türkiyə NATO daxilində Azərbaycanın mövqeyini diqqətə çatdıran əsas ölkələrdən biridir. Xüsusilə Cənubi Qafqazla bağlı məsələlərdə Ankara Bakının maraqlarını müdafiə edən mühüm aktordur. Eyni zamanda Türkiyənin NATO üzvü olması regionda əlavə çəkindirici amil yaradır. Bu, Azərbaycan üçün təhlükəsizlik mühitinin formalaşmasında mühüm faktor hesab olunur”.
Ekspertin sözlərinə görə, müdafiə sənayesi və texnologiyalar sahəsindəki işbirliyi də bu əməkdaşlığın ayrılmaz hissəsidir:
“Azərbaycanın istifadə etdiyi bir sıra müasir hərbi sistemlər, o cümlədən pilotsuz uçuş aparatları Türkiyə ilə əməkdaşlıq nəticəsində əldə edilib. Bu əməkdaşlıq ölkənin müdafiə qabiliyyətinin güclənməsinə xidmət edir”.
Bununla belə, politoloq rəsmi Bakının təhlükəsizlik strategiyasının əsas dayaq nöqtələrini və hüquqi reallıqları da xüsusi vurğulayıb:
“Bununla belə, qeyd etmək lazımdır ki, Azərbaycan NATO üzvü deyil. Buna görə də NATO-nun kollektiv müdafiə prinsipi olan 5-ci maddə Azərbaycana şamil edilmir. Yəni Türkiyənin NATO üzvlüyü Azərbaycana dolayı strateji üstünlüklər versə də, Azərbaycanın təhlükəsizliyi ilk növbədə öz hərbi gücünə, Türkiyə ilə ikitərəfli müttəfiqliyə və digər beynəlxalq tərəfdaşlıqlara əsaslanır. Xüsusilə 2021-ci il Şuşa Bəyannaməsindən sonra Türkiyə-Azərbaycan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib və bu, iki ölkənin təhlükəsizlik əməkdaşlığının əsas sütunlarından birinə çevrilib”.
Qiymət Mahir