Rusiya Ukraynanın təməl sütunlarına zərbə vurur - Ramiz Yunus yazır...

Rusiya Ukraynanın təməl sütunlarına zərbə vurur - Ramiz Yunus yazır...
27.03.2026 23:34 Təhlil

Bu gün Rusiya ilə Ukrayna arasında baş verənlər sərhədlər üzərində mübahisə və ya maraqların toqquşması deyil. Bu, mənalar, tarixi interpretasiyalar və xalqların öz kimliyinə sahib olmaq hüququ uğrunda apardığı müharibədir. Bu, bir-biri ilə uzlaşmayan iki dünya təsəvvürünün toqquşmasıdır: mərkəzin Rusiya timsalında kənarların taleyini müəyyən etdiyi imperiya modeli və Ukrayna timsalında xalqın öz tarixini, dilini və gələcəyini özü müəyyən etdiyi milli model. Bu, ərazilər uğrunda müharibə deyil, alternativ tarixi və siyasi reallığın məhv edilməsi uğrunda aparılan müharibədir.

Rusiya İmperiyası dağıldıqdan sonra bolşeviklər yeni ideologiya təklif etdilər, lakin köhnə mahiyyətdən imtina etmədilər. Sovet İttifaqı imperiyaya alternativdən daha çox onun transformasiyasına çevrildi, ritorikanı dəyişərək və xalqların bərabərliyini elan edərək, praktikada yenə də eyni tabeçilik vertikalını bərpa etdi; burada mərkəz digərlərinin taleyini müəyyən edirdi. Bərabərlik və beynəlmiləlçilik şüarları altında 1917–1920-ci illərdə müstəqillik şansından istifadə etməyə çalışan xalqlar üzərində nəzarət praktikası davam etdirildi. Qırmızı Ordu onları danışıqlarla deyil, güc yolu ilə geri qaytardı və əsas prinsipi möhkəmləndirdi: öz müqəddəratını təyinetmə hüququ yalnız Kreml maraqlarına zidd olmadığı müddətcə mövcuddur. Bu nizamdan çıxmaq cəhdləri arqumentlərlə deyil, güc tətbiq etməklə boğulurdu. Məhz o zaman müstəqilliyin hüquq kimi deyil, təhlükə kimi qəbul edildiyi model formalaşdırıldı.

Bu məntiqi açıq şəkildə üzə çıxaran əsas məqam Molotov-Ribbentrop paktı oldu. Bu sənəd təkcə SSRİ ilə Almaniya arasında müharibəni təxirə salmadı, həm də Şərqi Avropanı təsir zonalarına bölərək onu açıq şəkildə parçalayırdı. Sənədin gizli protokolları Baltik ölkələrinin, Polşanın bir hissəsinin, Bessarabiya və Ukrayna ilə Belarusun qərb ərazilərinin taleyini əvvəlcədən müəyyənləşdirdi. Şərqi Avropa onun iştirakı olmadan bölüşdürüldü və bu ərazilərdə baş verən anneksiyalar repressiyalar, deportasiyalar və milli elitaların məhv edilməsi ilə müşayiət olundu. Sonradan bütün bunlar sovet tarixşünaslığında “azadlıq” kimi təqdim edildi ki, bu da XX əsrin ən "sinik" anlayış təhriflərindən birinə çevrildi.

XX əsrin paradoksu ondan ibarət idi ki, iki totalitar sistem əvvəlcə Avropanın bölünməsi barədə razılaşdı, daha sonra isə İkinci Dünya müharibəsi çərçivəsində ölüm-dirim mübarizəsində qarşı-qarşıya gəldi. Lakin nə nasizm üzərində qələbə, nə də bu müharibənin faciəsi bu koordinatlar sistemini dəyişdirdi və Kremlin imperiya praktikasından imtinasına gətirib çıxarmadı, əksinə, onu legitimləşdirdi. Moskvanın ərazilər üzərində nəzarəti mənəvi hüquq kimi təqdim olundu, buna etiraz isə cinayət sayıldı. Beləliklə, zorakılığın tarixlə əsaslandırıldığı və tarixin hakimiyyətin ehtiyaclarına uyğun yenidən yazıldığı bir konstruksiya yaradıldı.

Məhz buna görə də 1991-ci ildən sonra Baltik ölkələrində və digər dövlətlərdə keçmişin yenidən qiymətləndirilməsi prosesi başladı. Həm nasist, həm də sovet işğalının pislənməsi nankorluq aktı deyil, tarixi subyektliyin bərpası idi. Bu proses qaçılmaz olaraq Rusiya dövlət narrativi ilə toqquşdu, çünki SSRİ-nin imperiya mahiyyətinin tanınması həmin ideoloji konstruksiyanın sarsılması demək olardı.

Baltik ölkələri Qərb liderləri – Prezident Ronald Reyqan və Baş nazir Marqaret Tetçer ilə Mixail Qorbaçov arasında əldə olunmuş razılaşma sayəsində yenidən Molotov-Ribbentrop paktından əvvəlki vəziyyətlərinə qayıtdılar və bu sahədən çıxa bildilər. Lakin buna baxmayaraq, onların seçimi bu günə qədər Kremlin narazılığına və təzyiqlərinə səbəb olur, halbuki bu ölkələr artıq Avropa İttifaqı və NATO üzvüdürlər.

Ukrayna isə tamamilə fərqli vəziyyətdə qaldı: çox vacib, çox yaxın və Rusiya üçün çox əhəmiyyətli idi ki, onu sadəcə buraxmaq mümkün olsun. Üstəlik, müstəqilliyi illərində onu nə NATO-ya, nə də Avropa İttifaqına qəbul etmək istiqamətində real addımlar atılmamışdı və Moskva da bundan istifadə etdi.

Buna görə də Ukraynanın müstəqil yol istiqamətində atdığı hər bir addım Moskvada normal tarixi proses kimi deyil, öz kimliyinin bir hissəsinin itirilməsi, kompensasiya edilməli bir itki kimi qəbul olunurdu. 

Bu kontekstdə Simon Petliura və Stepan Bandera kimi tarixi fiqurlar artıq təkcə keçmişin deyil, bugünkü münaqişənin simvollarına - Ukraynanın öz tarixinə sahib olmaq hüququ ilə imperiyanın bu tarixi ləğv etmək iddiası arasında qarşıdurmaya çevrilir. 

Ukrayna öz müstəqil yol hüququnu daha qətiyyətlə təsdiqlədikcə, Rusiya ilə münaqişə də bir o qədər qaçılmaz olurdu və son illərin hadisələri yalnız onilliklər boyu yığılanı üzə çıxardı: bu, böhran deyil, iki uyğunlaşmayan tarixi layihənin – iki ideologiyanın toqquşmasıdır.

Rusiya siyasi alətləri işləmədikdə isə güc tətbiqinə keçdi və bu güc burada sadəcə təzyiq vasitəsi deyil, reallığın yenidən qurulması alətidir. Ukrayna şəhərlərinin dağıdılması, infrastrukturun məhv edilməsi, mədəni obyektlərə zərbələr Kremlin bir məntiqinə əsaslanır: nəzarət etmək mümkün deyilsə, Ukraynanı elə bir vəziyyətə qədər dağıtmaq lazımdır ki, cəmiyyətin müqaviməti mümkünsüz olsun.

Məhz buna görə də Rusiyanın Ukraynaya qarşı apardığı bu müharibə belə qəddardır. Bugünkü müharibə ayrı-ayrı hadisələrə reaksiya deyil, kulminasiyadır – Ukraynanı onun şüurlu şəkildə çıxdığı yerə güc yolu ilə qaytarmaq cəhdidir. Bu qəddarlıq təkcə hərbi məqsədlərlə deyil, həm də qorxutma məntiqi ilə izah olunur.

Rusiya postsovet məkanındakı digər dövlətlərə göstərmək istəyir ki, imperiya məkanından çıxmaq cəhdləri necə nəticələnir. Bu, imperiya orbitindən çıxışın cəzasız qalmadığını nümayiş etdirmək və Moskvanın postsovet məkanını saxlamaq üçün əsas alət kimi qorxunu geri qaytarmaq cəhdidir.

Məhz buna görə Rusiya yalnız Ukraynanın şəhərlərinə və infrastrukturuna deyil, həm də yaddaşa, dilə, mədəniyyətə – Ukrayna xalqının mövcudluğunun təməl sütunlarına zərbə vurur. Çünki dövləti güc yolu ilə dağıtmaq olar, lakin xalqı tam tabe etdirmək yalnız onu yaddaşından məhrum etməklə mümkündür.

Burada isə bütün bəraətlər bitir. Rusiya imperiyasının tarixindən məlumdur ki, o, buraxmağı bacarmır – yalnız tabe etdirməyi və ya sındırmağı bilir. Onun hakimiyyəti rədd ediləndə isə yolunda olan hər şeyi məhv etməyə başlayır, təkcə şəhərləri deyil, fərqli olmaq imkanını da silir. Bu, səhv deyil, Rusiya hakimiyyətinin sistemidir. 

Çex əsilli yazıçı Milan Kundera demişdi: “Xalqı məhv etmək üçün onun yaddaşını əlindən almaq lazımdır”.

Ramiz Yunus

“Xəzər” Universitetinin siyasi elmlər üzrə professoru

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Bütün Xəbərlər