Putin türk dövlətinin ətəyindən yapışdı - Moskva çıxış yolu axtarır
"Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi raket və dron zərbələri nəticəsində ölkədə yanacaq qıtlığı yaşanır, yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb və bu vəziyyət qonşu dövlətin ümumi iqtisadi vəziyyətinə də mənfi təsir edir".
TodayPress TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu öz "Facebook" hesabında yazıb.

O qeyd edib ki, Rusiya hökuməti mövcud vəziyyətdən çıxış yolu kimi qonşularına müraciət etməyə başlayıb:
"Rusiya Belarusdan sonra Qazaxıstandan da yanacaq-sürtkü materialları almaq istəyir. Qazaxıstan hökuməti bu məsələylə bağlı qərar verməyə tələsmir. Çünki, Rusiyanı yanacaqla təmin etmək beynəlxalq aləmdə bu ölkənin Ukraynaya qarşı işğalçı müharibəyə dəstəyi kimi qiymətləndiriləcək".
Analitik Qazaxıstanın Energetika Nazirliyinin bu barədə açıqlamasını diqqətə çatdırıb:
"Nazirlikdən bildirilib ki, neft məhsullarının tədarükü sahəsində beynəlxalq sazişlərin və kommersiya müqavilələrinin bağlanması yalnız sərbəst resurs potensialı mövcud olduğu təqdirdə mümkündür. Açıqlamada həm də o vurğulanıb ki, Astana üçün mütləq prioritet ölkənin daxili bazarının tam və fasiləsiz təminatıdır: “Qonşu dövlətlərə ixrac tədarükü yalnız Qazaxıstanın öz vətəndaşlarının və iqtisadiyyatının tələbatının ödənilməsi üçün heç bir risk yaranmadığı təqdirdə həyata keçirilə bilər”".
Politoloq vurğulayıb ki, indi Astana bütün riskləri hesablamaq məcburiyyətindədir.
Jalə Rövşən