Aralıq dənizi "ortada" qaldı: Türkiyə ilə İsrail arasında sular isinir
Şərqi Aralıq dənizi artıq demək olar ki, təkcə enerji yataqları və dəniz sərhədləri uğrunda mübahisələrin məkanı deyil. Bölgədə hərbi hazırlığın sürətlənməsi Ankara ilə Təl-Əviv arasında rəqabətin yeni mərhələyə daxil olduğunu göstərir. Əgər əvvəllər əsas diqqət hava qüvvələri və hərbi donanmalara yönəlirdisə, indi mübarizənin əsas istiqaməti sualtı üstünlükdür.
Türkiyə dəniz qüvvələrinin ən böyük üstünlüyü məhz sualtı donanmasının inkişafıdır. "Reis" sinifli yeni nəsil sualtı qayıqların istismara verilməsi Ankaranın Aralıq dənizində hərəkət imkanlarını xeyli genişləndirib. Bu platformalar həm gizli fəaliyyət göstərə, həm də mümkün böhran zamanı qarşı tərəf üçün ciddi çəkindirici amilə çevrilə bilər.

Bu ərəfədə İsrailin ABŞ istehsalı olan P-8 Poseidon təyyarələrinə maraq göstərməsi təsadüfi görünmür. Bu təyyarələr adi patrul vasitəsi deyil. Onların əsas vəzifəsi sualtı qayıqları mümkün qədər erkən aşkar etmək, hərəkətlərini izləmək və lazım gəldikdə onları zərərsizləşdirməkdir. Başqa sözlə, İsrail dənizin altında Türkiyənin əldə etdiyi üstünlüyü zəiflədə biləcək imkan qazanmağa çalışır.

Burada diqqət çəkən məqam odur ki, hər iki ölkə bir-birini açıq hərbi rəqib elan etmir. Ancaq son illərdə Qəzza müharibəsi, Şərqi Aralıq dənizində enerji layihələri, Kipr məsələsi və bölgədə formalaşan yeni ittifaqlar Ankara ilə Təl-Əviv arasında etimad mühitini ciddi şəkildə zəiflədib. Bu şəraitdə hərbi hazırlığın gücləndirilməsi artıq ehtiyat tədbiri olmaqdan çıxaraq uzunmüddətli strategiyanın tərkib hissəsinə çevrilir.

İsrail bu addımla Türkiyənin son illərdə qazandığı dəniz üstünlüyünə cavab verməyə çalışır. Ankara pilotsuz uçuş aparatlarından sonra dəniz platformalarında da müdafiə sənayesinin imkanlarını artırır, yerli istehsal hərbi gəmilər və sualtı qayıqlar hesabına bölgədə təsir imkanlarını genişləndirir. Bu vəziyyət İsraili narahat edir və dənizdə müşahidə, eləcə də nəzarət imkanlarını daha da gücləndirməyə sövq edir.
Məsələ yalnız iki ölkə ilə məhdudlaşmır. Şərqi Aralıq dənizi Avropanın enerji təhlükəsizliyi, dəniz nəqliyyatı və NATO-nun cənub cinahı baxımından strateji əhəmiyyət daşıyır. Ona görə də burada hərbi balansda baş verən hər dəyişiklik Vaşinqtondan Brüsselə qədər diqqətlə izlənilir.
Görünür ki, dominantlıq uğrunda mübarizə davam edərsə, bölgədə yeni silahlanma yarışının əsas meydanı dənizin dərinlikləri olacaq.
Aralıq dənizi həqiqətən də "aralıqda qalıb". Bir tərəfdə dəniz gücünü sürətlə artıran Türkiyə, digər tərəfdə isə buna texnoloji üstünlüklə cavab verməyə çalışan İsrail var. Qarşıdakı dövrdə tərəflərin atacağı addımlar Şərqi Aralıq dənizində qüvvələr nisbətini müəyyən edən əsas amillərdən biri olacaq.
Jalə Rövşən