Ronaldo fanatları səhvən başqa cütlüyün toyuna gəlib xaos yaratdılar
Minlərlə Kriştianu Ronaldonun azarkeşi onun Corcina Rodrigeslə toy mərasiminin keçiriləcəyini düşünərək Portuqaliyanın Madeyra adasındakı Funşal şəhərinin kafedral kilsəsinin qarşısına toplaşıb.
TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Bildirilib ki, son bir həftə ərzində mediada və sosial şəbəkələrdə Ronaldonun və Corcina Rodrigesin avqustun 8-də futbolçunun vətənində evlənəcəkləri barədə məlumatlar yayılıb. Bu xəbərlərdən sonra minlərlə azarkeş və jurnalist futbolçu ilə gələcək həyat yoldaşını görmək ümidi ilə kilsənin qarşısında toplaşıb.
Lakin kilsəyə gələn gəlin Corcina Rodriges deyil, Nikol adlı başqa qadın olub. Onu içəridə Fabiу adlı nişanlısı gözləyib.
Kafedral kilsə daha sonra sosial şəbəkədə yayımladığı açıqlamada həmin gün nikah bağlayan şəxslərin məhz Nikol və Fabiу olduğunu təsdiqləyib. Bildirilib ki, çoxsaylı jurnalist və turistlərin toplaşması səbəbindən kilsənin qarşısında izdiham yaranıb və gəlinin içəri daxil olması çətinləşib.
İzdihamın qarşısını almaq və cütlüyün mərasimi rahat keçirməsi üçün kilsə hətta bir müddət bağlanıb.
Kilsənin açıqlamasında bu cür vəziyyətin əvvəllər heç vaxt yaşanmadığı bildirilib.
Hadisəyə Kriştianu Ronaldo da sosial şəbəkədə gülüş emojiləri ilə reaksiya verib.
Qeyd edək ki, avqustun əvvəlində Britaniyanın “The Sun” tabloidi Ronaldonun və Rodrigesin avqustun 8-də Madeyrada toy mərasimi keçirməyə hazırlaşdıqlarını yazmışdı. Lakin bu məlumat rəsmi şəkildə təsdiqlənməmişdi
Namiq HUN