Dünya ulduzu “Fənərbağça”ya gəlir! Lukaku üçün son detallar
“Fənərbağça” İtaliyanın “Napoli” klubunda çıxış edən belçikalı hücumçu Romelu Lukakunun transferini reallaşdırmağa yaxındır.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolyeri X sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin məlumatına görə, “Fənərbağça” və “Napoli” 33 yaşlı forvardın transferi ilə bağlı danışıqların son mərhələsindədir. Tərəflər keçidin baş tutması üçün son detalları razılaşdırmağa yaxındırlar.
Yaxın saatlarda Lukakunun şəxsi müqaviləsinin şərtləri ilə bağlı məsələlərin də razılaşdırılması gözlənilir.
Belçikalı hücumçu isə “Napoli”nin yekun razılığını gözləyir. İtaliya klubundan son “yaşıl işıq” alındıqdan sonra Lukakunun Türkiyə klubuna keçidi rəsmiləşdirilə bilər.
Qeyd edək ki, Lukakunun “Napoli” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Daha əvvəl onun komandanın mövsümöncəsi hazırlıq toplanışına qoşulmadığı bildirilmişdi. Belçikalı futbolçu ötən mövsüm “Napoli”nin heyətində 5 matç keçirib və 1 qol vurub.
Namiq HUN