“Karri heç yerə getməyəcək!” – “Golden State”dən əmin mesaj
“Golden State Warriors” klubunun sahibi Co Leykob ulduz basketbolçu Stefen Karrinin komandadan ayrılacağı ilə bağlı hər hansı ssenari görmədiyini bildirib.
TodayPress TV xəbər verir ki, Leykob qeyd edib ki, yaxın zamanda Karri ilə onun gələcəyi barədə danışacaqlar:
“Onunla danışmalı olacağıq. Hələ bu mərhələyə çatmamışıq, amma həmin vaxt yaxınlaşır. Onun və komandasının nə istədiyinə baxacağıq. Mayk Danlivi və klub rəhbərliyi də komanda baxımından nəyin doğru olduğuna qərar verəcək.
Amma düşünmürəm ki, bununla bağlı çox narahat olmalıyıq. Karri burada özünü yaxşı hiss edir, biz də onu sevirik. Onun başqa yerə getməsini istəmirəm. Açığı, Karriyə başqa komandada baxmaq mənim üçün çox çətindir.
Düşünürəm ki, lazım olanı edəcəyik. Ümumiyyətlə, burada real bir məsələ olduğunu düşünmürəm. Məncə, bu, sadəcə kiminsə diqqət çəkmək üçün ortaya atdığı mövzudur”.
Leykob Karri ilə yaxın münasibətdə olduğunu və ulduz basketbolçunun komandadan ayrılmaq istəyi barədə ondan heç nə eşitmədiyini də vurğulayıb.
“Biz qətiyyən onun getməsini istəmirik. Karriyə böyük hörmətimiz var və hesab edirik ki, o, hələ də əla oyunçudur. Bütün bu söhbətlər uydurmadır və onların heç bir həqiqəti yoxdur”, – deyə klub sahibi bildirib.
Namiq HUN