Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA
Dünya əhalisinin uzunmüddətli perspektivdə azaldılması ilə bağlı alimlərin səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. Bəzi alimlər qlobal ekoloji tarazlığın qorunması üçün 2200-cü ilədək dünya əhalisinin hazırkı 8 milyarddan çox göstəricidən təxminən 4 milyarda endirilməsini təklif edirlər.
Sosioloq Hüseyn İbrahimov mövzu ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, belə kəskin demoqrafik azalma təklifi ciddi suallar doğurur.

Onun sözlərinə görə, əhalinin sürətli artımının resurs çatışmazlığı yaradacağı barədə fikirlər yeni deyil:
"XVIII əsrin sonunda irəli sürülən Malthus nəzəriyyəsinə əsasən, təbii ehtiyatlar ədədi, əhali isə həndəsi silsilə ilə artır və nəticədə ərzaq çatışmazlığı yarana bilər:
Hazırda dünyada yalnız ərzaq çatışmazlığı ilə bağlı deyil, bundan əlavə, daha geniş problemlər mövcuddur. Texnologiyanın inkişafı ərzaq istehsalında yeni imkanlar yaradıb. Bununla yanaşı, iqlim dəyişiklikləri, ekoloji təhlükəsizlik və resursların qorunması kimi məsələlər daha çox aktuallaşıb".
Sosioloqun fikrincə, hazırda dünya əhalisi 8 milyarddan bir qədər çoxdur və bəzi proqnozlara əsasən, 2100-cü ildə bu rəqəm 11 milyardı keçə bilər.
"İqlim dəyişikliklərinin artdığı bir fonda əhalinin bu qədər sürətlə çoxalması iqlimdə ciddi dəyişikliklərin yaranmasını şərtləndirə və insanların ümumiyyətlə ekoloji cəhətdən sağlam şəraitdə yaşamasını çətinləşdirən amillərin sayını artıra bilər".
Azərbaycanla bağlı danışan ekspert ölkədə əhali artımının mövcud tempinin yaxın və orta perspektivdə ciddi təhlükə yaratmadığını bildirib:
"Ölkəmiz üçün əhalinin artımının bu tempdə davam etməsi gələcək, hətta qarşıdakı yüz il üçün hər hansı ciddi təhlükənin yaranacağını göstərmir. Miqrasiya, müharibələr, qlobal ailə modelləri və iqlim dəyişiklikləri əhali dinamikasına təsir edir. Əsas məqsəd dünya əhalisini süni şəkildə müəyyən rəqəmə endirmək deyil, ölkələr arasında demoqrafik anlaşma və vahid ailə planlaşdırılması modeli formalaşdırmaq olmalıdır. Dünyanın vahid bir ailə planlaşdırılması modelini tapmalıdırlar. Belə bir model həm kəskin demoqrafik problemlərin yaranmasının qarşısını ala bilər, eyni zamanda ailələrdə və nəsillər arasında varisliyin, mədəniyyətlərin və dillərin qorunmasını da şərtləndirə bilər".
O əlavə edib ki, bəzi ölkələrdə ailələrdə uşaq sayı çox olduğu halda, digər ailələrdə ümumiyyətlə uşaq sahibi olmaq istəməyənlər var. Buna görə də qlobal demoqrafik balansın yalnız əhalinin sayını azaltmaqla təmin edilməsini düzgün yanaşma hesab etmir.
"Belə bir modeli formalaşdıra bilmədən, məsələn, 100 il sonra dünya əhalisinin 8 milyarddan 4 milyarda qədər demoqrafik azalma hesabına endirilməsini təklif etmək, təbii ki, burada kifayət qədər absurd elementlərin olduğunu göstərir. Bu, bir qədər kaktus nəzəriyyəsini xatırladır. Malthus nəzəriyyəsini yox, kaktus nəzəriyyəsini xatırladır", - deyə Hüseyn İbrahimov qeyd edib.
Türkan İsgəndərli