PSJ tarix yazmaq istəyir! Luis Enrike “Real”ın rekorduna göz dikib
PSJ-nin baş məşqçisi Luis Enrike komandasının UEFA Çempionlar Liqasını ardıcıl üçüncü dəfə qazanmaq niyyətində olduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə “RMC Sport”a açıqlamasında danışıb.
“Qarşımızda unikal çağırış var – əgər Çempionlar Liqasını ardıcıl üçüncü dəfə qazansaq, “Real”a çatmış olacağıq. Avropa futbolu tarixində belə nailiyyətin demək olar ki, analoqu yoxdur. Madrid təmsilçisindən başqa heç kim bu turnirdə üç dəfə ardıcıl qalib olmayıb. Əminəm ki, hazırda Avropada bizdən daha motivasiyalı komanda yoxdur”, – deyə Enrike bildirib.
Qeyd edək ki, “Real” Çempionlar Liqasının 2016, 2017 və 2018-ci illərdə keçirilən turnirlərində qalib olub. Həmin dövrdə “kral klubu”nun baş məşqçisi fransalı Zinəddin Zidan idi.
PSJ isə Çempionlar Liqasını 2025 və 2026-cı illərdə qazanıb. Son turnirin finalında Paris təmsilçisi “Arsenal”ı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, avqustun 12-də UEFA Superkuboku uğrunda keçiriləcək oyunda PSJ ötən mövsüm UEFA Avropa Liqasının qalibi olan “Aston Villa” ilə qarşılaşacaq.
Namiq HUN