Xəzər dənizi zəhər "qusur" - Dənizə axıdılan nədir?
Son günlər sosial şəbəkələrdə çimərlik ərazilərində dənizə borular vasitəsilə axıdılan bulanıq su ilə bağlı yayılan görüntülər ictimaiyyət arasında narahatlıq yaradıb. Bir çox istifadəçi dənizə tullantı və ya çirkab sularının axıdıldığını iddia edirlər.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan ekoloq Sadiq Həsənov məsələ ilə bağlı açıqlamasında bildirib ki, dənizə vurulan qarışıq çirkab su deyil, dənizin dibindən çıxarılan qum və gil qatıdır.

Onun sözlərinə görə, bu proses iri gəmilərin rahat hərəkətini təmin etmək məqsədilə dəniz dibinin dərinləşdirilməsi işləri çərçivəsində həyata keçirilir:
"Görünən mənzərə əslində nasos vasitəsilə vurulan qum və gil qarışığıdır. Bu, dənizin həmin körpü tərəfində olan dayaz hissələrinin qazılaraq daha dərinləşdirilməsi prosesidir. Çünki həmin əraziyə iri tutumlu və suya daha çox batan gəmilərin gəlməsi, onların körpüyə rahat yanaşması nəzərdə tutulur. Buna görə də dəniz dibi xüsusi qazma qurğuları ilə qazılır".
Ekoloq vurğulayıb ki, qazıntı nəticəsində çıxarılan material borular vasitəsilə dənizin daha dərin hissələrinə ötürülür və bu proses texniki xarakter daşıyır:
"Qazma zamanı dənizin dibində olan gil və qum qarışığı çıxarılır, daha sonra nasoslarla dənizin daha dərin hissələrinə vurulur. Yəni burada hər hansı çirkab və ya kənar tullantının dənizə axıdılmasından söhbət getmir. Həyata keçirilən işlərin ekoloji baxımdan ciddi təhlükəsi yoxdur. Çünki faktiki olaraq dənizin bir hissəsində olan təbii çöküntü qazılaraq yenidən dənizin başqa, daha dərin hissəsinə köçürülür. Yəni dəniz mühitinə kənardan zərərli maddə daxil edilmir, sadəcə mövcud dib çöküntülərinin yeri dəyişdirilir", - deyə ekspert fikrini tamamlayıb.
Türkan İsgəndərli