Nazir dərsliklərdəki problemi ETİRAF ETDİ
Elm və təhsil naziri Emin Əmrullayevin dərsliklərlə bağlı səsləndirdiyi fikirlər müzakirə mövzusuna çevrilib. Nazir qeyd edib ki, dərsliklərdə əsas problem texniki səhvlər deyil, məzmundur. Onun sözlərinə görə, bəzi mövzuların artıq aktuallığını itirməsi, bəzilərinin isə ümumiyyətlə dərsliklərdə yer almaması və müasir elmi nailiyyətlərin inteqrasiyası ciddi şəkildə yenidən nəzərdən keçirilməlidir.
Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırkı dərsliklərin əsas problemi onların ənənəvi yanaşma ilə hazırlanmasıdır. Onun fikrincə, uzun illərdir eyni formatda hazırlanan dərsliklər yeni nəslin öyrənmə tərzi və maraq dairəsi ilə uyğunlaşmır.

Ekspert hesab edir ki, 21-ci əsrdə doğulan şagirdlərin informasiya qəbul etmə modeli dəyişib və bu, dərsliklərin strukturuna birbaşa təsir göstərməlidir. Onun sözlərinə görə, müasir dərsliklər təkcə mətn yığını olmamalı, vizual materiallar, illüstrasiyalar və interaktiv yanaşmalarla zənginləşdirilməlidir.
Bununla yanaşı, dərsliklərdə şagirdlərin məntiqi və yaradıcı təfəkkürünü inkişaf etdirən sualların artırılması vacib hesab olunur. Qısa və aydın izahlar, dünya təcrübəsindən nümunələr və elmi baxımdan tanınmış şəxslərin yanaşmalarının daxil edilməsi də məzmunun keyfiyyətini yüksəldə bilər.
Ekspert vurğulayır ki, dərsliklər yalnız informasiya ötürmək funksiyası daşımamalı, eyni zamanda şagirdlərdə bilik və bacarıqların formalaşmasına xidmət etməlidir. Onun fikrincə, mövcud dərsliklərdə bu istiqamətdə müəyyən boşluqlar qalmaqdadır.
Qeyd olunur ki, dərsliklərin hazırlanması zamanı elmi dəqiqlik, yaş psixologiyasına uyğunluq və ümumbəşəri dəyərlərin nəzərə alınması əsas prinsiplərdən olmalıdır. Bu şərtlər təmin edildiyi halda, dərsliklərin məzmun problemi mərhələli şəkildə aradan qaldırıla bilər və tədris prosesinin keyfiyyəti yüksələ bilər.
Xanım Musayeva