“Bu səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı
“Formula-1” üzrə sabiq pilot Devid Kultard Niderland Qran-prisinin 2026-cı ildə “Zandfort” avtodromunda keçiriləcək sonuncu yarış olmasının səbəbini açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Up To Speed” podkastında deyib.
Kultardın sözlərinə görə, “Zandfort” ətrafındakı infrastruktur imkanlarının məhdud olması və trasın genişlənə bilməməsi əsas səbəblərdəndir.
“Mənim fikrimcə, bu Qran-prinin necə yarandığına baxsaq, Niderland şahzadəsi Bernhard Oranc-Nassau və onun həyat yoldaşı avtomobil idmanının həvəskarlarıdır. Onlar Maks Ferstappenin uğurlarından sonra Qran-prinin Niderlanda qayıtmasında mühüm rol oynadılar. Lakin onların infrastrukturu inkişaf etdirmək imkanları məhduddur.
“Zandfort” avtodromu təbiət parkı və qum təpələri ilə əhatə olunub. Genişlənə və böyüyə bilmir. “Formula-1” isə kommersiya gəlirlərini artırmaq üçün yeni imkanlar axtarır. Düşünürəm ki, indiki vəziyyətdə bu, onlar üçün artıq kommersiya baxımından əlverişli deyil. “Formula-1” üçün isə başqa məkanlar mövcuddur”, – deyə Kultard bildirib.
Sabiq pilot Ruanda və digər ölkələrin “Formula-1” ailəsinə qoşulmaq istədiyini, bunun üçün isə müasir infrastruktura malik yeni obyektlər inşa etməyə hazır olduqlarını vurğulayıb.
Kultard “Zandfort” avtodromunun onun üçün xüsusi əhəmiyyət daşıdığını da qeyd edib. O, “Formula-3” üzrə ilk beynəlxalq qələbəsini məhz burada qazandığını bildirib.
““Zandfort”a təşəkkür etmək üçün çox şey var. Amma bu səyahətin sonuna gəlib çatmışıq və inanmıram ki, “Formula-1” nə vaxtsa yenidən bura qayıtsın. Ona görə də, xanımlar və cənablar, bu dövrü yadda saxlayın”, – Kultard deyib.
Namiq HUN