Yuxusuzluqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ: Yaşadığınız küçə yuxunuza təsir edir
Ağaclarla əhatə olunmuş küçələrdə yaşayan insanlar orta hesabla daha uzun yatır və yuxusuzluqdan daha az əziyyət çəkirlər.
TodayPress TV xəbər verir ki, bu barədə "Building and Environment" jurnalında dərc olunan yeni araşdırmada məlumat yer alıb.
Tədqiqat çərçivəsində alimlər süni intellekt vasitəsilə 200 mindən çox "Google Street View" şəklini analiz edərək küçələrdəki ağacların, bina sıxlığının, səkilərin, yolların və digər şəhər elementlərinin sayını qiymətləndiriblər. Daha sonra bu məlumatlar Tokioda çoxmənzilli binaların aşağı mərtəbələrində yaşayan 1089 işləyən şəxsin yuxu göstəriciləri ilə müqayisə edilib.
Nəticələrə əsasən, yaşıllıq səviyyəsi yüksək olan küçələrdə yaşayan iştirakçılar daha uzun yatdıqlarını bildiriblər. Eyni zamanda, sıx məskunlaşmış ərazilərdə yaşayanlarda da yuxusuzluq əlamətlərinin daha az müşahidə olunduğu müəyyən edilib. Tədqiqat müəllifləri bunu binaların insanlarda təhlükəsizlik və rahatlıq hissi yaratması ilə əlaqələndirirlər.
Araşdırmanın diqqətçəkən nəticələrindən biri isə inkişaf etmiş piyada infrastrukturuna malik küçələrin daha qısa yuxu və təhlükəsizlik hissinin azalması ilə əlaqələndirilməsi olub. Alimlərin fikrincə, belə ərazilər adətən daha səs-küylü, hərəkətli və izdihamlı olur ki, bu da yuxunun keyfiyyətinə mənfi təsir göstərə bilər.
Türkan İsgəndərli