Çin Arktikanı araşdıracaq - İqlim böhranı gerçəkləşir?
Çin qlobal iqlim dəyişikliyinin Arktikaya təsirini araşdırmaq məqsədilə bölgəyə növbəti elmi ekspedisiyasını yola salıb.
TodayPress TV-nin Çin Mərkəzi Televiziyasına istinadən verdiyi məlumata görə, "Xuelong", "Xuelong 2", "Jidi" və "Tansuo 3" adlı dörd tədqiqat gəmisi Dalian limanından Arktikaya yola düşüb.
Bu, Çinin 16-cı Arktika elmi missiyasıdır və ekspedisiyanın oktyabrın əvvəlində başa çatacağı gözlənilir.
Ekspedisiyanın əsas məqsədi qlobal istiləşmənin Arktikada yaratdığı dəyişiklikləri öyrənmək, xüsusilə də buzlaqların sürətlə əriməsini araşdırmaq və yeni elmi məlumatlar toplamaqdır.
Bundan əvvəl Edinburq Universitetinin alimləri Arktikada dəniz buzlarının əriməsinin okeanın məhsuldarlığını artırmadığını, əksinə, onu əsas qida maddələrindən biri olan nitratlarla daha da kasıblaşdırdığını müəyyən etmişdilər.
Türkan İsgəndərli