Sosial şəbəkədə məşhur olan arıçının arıları selin girovunda qaldı
Son günlər Zaqatala və Balakən rayonlarında müşahidə olunan güclü leysan yağışları və sel suları bölgədə ciddi fəsadlara səbəb olub. Təbii fəlakətdən zərər çəkən təsərrüfatlardan biri də arıxana olub.
TodayPress TV xəbər verir ki, arıçı Məhəmməd Vociyev sel təhlükəsi barədə məlumat alan kimi arı ailələrini xilas etmək üçün arıxanaya getməyə çalışıb.
O, yolun çətinliyinə baxmayaraq, böyük risk və çətinliklərlə ərazidə çayı keçərək arıxanaya çatdığını bildirib.
"Vəziyyətin ağırlaşdığını hiss edən kimi arıxanaya çatmağa çalışdım. Yol çox çətin idi, böyük təhlükələr bahasına çayı keçib arıxanaya gedə bildim. Oraya çatanda isə gördüm ki, artıq gecdir. Təəssüf ki, arı ailələrimizin təxminən yarısını sel suları aparmışdı".
Məhəmməd Vociyev əlavə edib ki, həmin vaxt onun üçün əsas məqsəd arıları mümkün qədər xilas etmək olub:
"Həmin an heç nə düşünmürdüm, əsas məqsədim arıları qorumaq və sağ qalan ailələri xilas etmək idi. Sudan keçdiyim üçün telefonu özümlə götürə bilmədim. Buna görə də baş verənləri görüntüləmək imkanım olmadı. Daha sonra hava şəraiti daha da pisləşib, yağışların intensivləşməsi nəticəsində çay yenidən daşaraq arıxanaya gedən yolları bağlayıb. Yağışlar daha da gücləndi, çay daşdı və arıxanaya gedən bütün yollar bağlandı. Hazırda həmin əraziyə getmək mümkün deyil. Orada qalan arıların vəziyyəti ilə bağlı isə hələlik heç bir məlumatımız yoxdur".
Arıçı vurğulayıb ki, sel sularından xilas olan arı ailələri sağ qala bilib:
"Ümid edirəm ki, suyun əlindən qurtula bilən arılarımız sağ-salamatdır. Təbiətin qarşısında insan bəzən aciz qalır. İnşallah, yollar açılar və tezliklə arıxanaya gedərək vəziyyəti yerində görə bilərik. Allah sel və digər təbii fəlakətlərdən zərər görən hər kəsə səbir versin, itkilərini əvəz etsin. Belə hadisələr insanın təbiət qarşısında nə qədər həssas olduğunu bir daha göstərir".
Türkan İsgəndərli