Avropa liderləri Ərdoğanın hədiyyəsini özləri ilə apara bilmədilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankarada keçirilən sammitindən sonra Avropa liderlərinə üzərində adları həkk olunmuş xüsusi hazırlanmış tapançalar və döyüş patronları hədiyyə edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Məlumata görə, hədiyyələr Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə, Avropa Şurasının sədri Antonio Koştaya, Böyük Britaniyanın Baş naziri Kir Starmerə və Niderlandın Baş naziri Rob Cettenə təqdim olunub.
Bildirilir ki, Antonio Koştanın təhlükəsizlik xidməti tapançanı yoxlanılması üçün götürüb və bütün hüquqi prosedurlara əməl edilməklə Belçikaya göndərilməsi planlaşdırılır. Ursula fon der Lyayenin nümayəndələri isə hədiyyə ilə bağlı hər hansı açıqlama verməyiblər.
Nəşrin yazdığına görə, Kir Starmer və Rob Cetten tapançaları ölkələrinə aparmazdan əvvəl döyüş vəziyyətindən çıxarılması üçün Türkiyədə saxlanılacağını bildiriblər.
Mənbələrin iddiasına əsasən, hədiyyələrin dəyəri Avropa İttifaqında rəsmi şəxslər üçün müəyyən edilmiş hədiyyə limitini aşdığına görə liderlərin onları şəxsi mülkiyyətlərində saxlaması mümkün olmaya bilər.
Nicat Osmanlı