Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirildi

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirildi
19.12.2025 20:50 Hadisə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 19-da davam etdirilib.

TodayPress TV xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.

Xatırladılıb ki, ötən məhkəmə iclası zamanı fasilə elan olunduğundan təqsirləndirilən David Manukyan çıxışını indiki məhkəmə iclasında davam etdirəcək.

D.Manukyan ittiham tərəfinin çıxışında qeyd etdiklərinə əks dəlilləri səsləndirib. Belə ki, təqsirləndirilən şəxs dövlət ittihamını müdafiə edən prokurorların elan etdiyi məqamlarla razılaşmadığını deyib.

O, qondarma rejimin "təhlükəsizlik şurasının iclaslarında" nə iştirakçı, nə də müşahidəçi qismində iştirak etmədiyini, buna onun vəzifə öhdəliklərinin icazə vermədiyini də söyləyib.

D.Manukyan, həmçinin çıxışında öz vəkillərinə təşəkkürünü bildirib.

Təqsirləndirilən Arayik Harutyunyan son sözündə dövlət ittihamını müdafiə edən prokurorların təqdim etdiyi dəlillərlə razılaşmadığını söyləyib.

O, özünün və iki qardaşının Qarabağda məktəbdə təhsil aldığını, erməni dilində təhsil almaqla bağlı problem olmadığını deyib. A.Harutyunyan azərbaycanlılarla aralarında heç bir problem olmadığını da bildirib və əlavə edib: "Bir-birimizin tədbirində iştirak edirdik".

Təqsirləndirilən şəxs son sözündə məhkəmədə ittiham edildiyi müharibə cinayətlərindən də bəhs edib: "Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum. Mən çox məlumatlı adamam. Amma Kəlbəcərdəki Tunel hadisəsini burada bildim. Məsələn, Bəylik bağı hadisəsini burada bilmişəm. Əlbəttə, bunlar hərbi cinayətlərdir və öz günahkarları var. Əgər günahkarlar bu dünyada cəzalanmayıblarsa, o biri dünyada öz əməllərinə görə cəzalanacaqlar. Söhbət qocalara, qadınlara, uşaqlara, əsir və girovlara qarşı edilən cinayətlərdən gedir".

A.Harutyunyan ittihamları sadalayaraq (cinayətkar birliyə qoşulmaq, qanunsuz sahibkarlıq fəaliyyəti göstərmək, dağıntılar törətmək, muzdlular, minaların basdırılması, təyyarələrin hərəkətinə maneə törədilməsi, qətllər, zorakılıqlar, Gəncənin raket atəşinə tutulması və s.), həmin məsələlərlə bağlı öz arqumentlərini səsləndirib və ittihamları qəbul etmədiyini söyləyib.


Təqsirləndirilən şəxs David Babayan son sözünü rus dilində etmək istədiyini deyib. D.Babayana rus dilində çıxış etmək üçün şərait yaradılıb.


O, dövlət ittihamını müdafiə edən prokurorların və zərərçəkmiş şəxslərin bildirdikləri ilə bağlı özünün əks arqumentlərini ümumi fikirlərlə səsləndirib.


Məhkəmə prosesi dekabrın 22-də davam etdiriləcək.


Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.


Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 Bütün Xəbərlər