Danimarka Ukrayna üçün 15 min əlavə uzaqmənzilli sursat ayırdı
Danimarka cəbhənin aktual ehtiyaclarına uyğun olaraq hərbi yardım formatına yenidən baxıldıqdan sonra Ukraynaya əlavə 15 min uzaqmənzilli artilleriya sursatı verəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fyodorov teleqram kanalında bildirib.
O bildirib ki, Ukrayna tərəfi Danimarkaya əvvəlcədən planlaşdırılmış yardımın bir hissəsini yenidən nəzərdən keçirməyi və onu qısamənzilli artilleriyanı uzaqmənzilli sistemlərə dəyişməyi təklif edib. M.Fyodorovun sözlərinə görə, Danimarka bu sorğuya operativ reaksiya verib və qeyd olunan sursatların bir hissəsi artıq Ukraynaya daxil olub.
"Komandamız Ukraynaya beynəlxalq yardımın səmərəliliyinin artırılması üzərində işləməyə davam edir. Tərəfdaşlarımızla birgə resursları döyüş meydanında ən böyük nəticə verən həllərə yönəldirik. Bizim üçün üç dəyişməz prioritet var: hava hücumundan müdafiə, uzaqmənzilli artilleriya və Ukrayna dronları", - deyə o yazıb.
Nazirin sözlərinə görə, pilotsuz uçuş aparatları ilə hücumların davamlı şəkildə genişləndiyi şəraitdə bu cür zərbə vasitələri düşmənin logistikasını, komanda məntəqələrini və digər mühüm hədəflərini daha effektiv məhv etməyə, eyni zamanda ukraynalı hərbçilər üçün riskləri azaltmağa imkan verir.