İlham Əliyev nəqliyyat xətlərinin təhlükəsizliyi ilə bağlı beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev nəqliyyat xətlərinin təhlükəsizliyi ilə bağlı beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
14.11.2025 11:30

Azərbaycan Prezidenti İlham Əliyev "Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

TodayPress TV xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları,

Sizi "Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu" mövzusunda beynəlxalq konfransın açılışı münasibətilə Xankəndidə səmimi-qəlbdən salamlayıram.

Qardaş ölkələri təmsil edən xüsusi xidmət orqanlarının nümayəndələrinin bu tədbirdə iştirakı təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsinə olan ümumi baxışımızın bariz göstəricisidir.

Bugünkü tədbirin ölkələrimiz və bütövlükdə region üçün strateji əhəmiyyət daşıyan beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunması mövzusuna həsr olunması təsadüfi deyil. Son zamanlar dünyanın müxtəlif bölgələrində müşahidə olunan qarşıdurmalar beynəlxalq və regional təhlükəsizliyi ciddi şəkildə təhdid edən müxtəlif çağırışların artmasına səbəb olur. Bu mənada ölkələrimizin ərazisindən keçən, Avropa ilə Asiyanı birləşdirən geniş nəqliyyat şəbəkəsinin mühafizə olunması üçün xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi böyük önəm daşıyır.

Bu gün bizim ölkələr Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsində aparıcı rola malikdirlər. Azərbaycan müasir dəmir və avtomobil yolları, eləcə də hava və dəniz limanları infrastrukturuna böyük sərmayələr yatırır. Biz bu nəqliyyat və kommunikasiya xətlərini təkcə iqtisadi rifah mənbəyi kimi deyil, eyni zamanda Türk dövlətlərinin siyasi, mədəni, təhlükəsizlik və müdafiə sahələrində daha sıx inteqrasiyası üçün vacib təməl kimi görürük.

Zəngəzur dəhlizinin açılması ölkələrimiz arasında birbaşa və maneəsiz əlaqələrin qurulmasında mühüm rol oynayacaqdır. Bu layihənin reallaşması nəticəsində yükdaşıma həcminin çoxalması regionun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaqdır. Bununla belə, nəqliyyat qovşaqlarımızın artan rolu onları destruktiv qüvvələrin hədəfinə çevirir. Nəqliyyat və kommunikasiya xətlərimiz beynəlxalq terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, qaçaqmalçılıqla, eləcə də kritik nəqliyyat infrastrukturunun idarəetmə sistemlərinin iflicinə yönəlmiş kibertəhdidlərlə üzləşir.

Nəhəng regional layihələrin icrasına mane olmaq məqsədi daşıyan xarici müdaxilə və sabitliyi pozma cəhdləri də xüsusi qeyd edilməlidir. Məhz buna görə də xüsusi xidmət orqanları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi həyati zərurətə çevrilmişdir. Əsas nəqliyyat obyektlərinə, marşrutlara və ümumiyyətlə dövlətlərimizə qarşı planlaşdırılan pozuculuq aktları barədə fasiləsiz və operativ məlumat mübadiləsinin aparılması və birgə profilaktik tədbirlərin görülməsi olduqca vacibdir.

Müvafiq kontekstdə tranzit xətlərimizdən istifadə etməyə cəhd göstərən terrorçu təşkilatların və cinayətkar qrupların destruktiv fəaliyyətinin qarşısının alınması üçün əlaqələndirilmiş əməliyyat tədbirlərinin hazırlanması və reallaşdırılması da prioritet fəaliyyət istiqamətləri sırasında yer almalıdır. Bu əməkdaşlıq kibertəhdidlərdən müdafiə, eləcə də nəqliyyat axınlarına nəzarət və monitorinq üçün qabaqcıl texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsini də əhatə etməlidir.

Nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığımızın effektivliyi qardaş dövlətlərin iqtisadi inkişafının və uzunmüddətli sabitliyinin zəmanətidir. Əminəm ki, bugünkü tədbir və ən əsası xüsusi xidmət orqanlarının daimi birgə işi ölkələrimizin təhlükəsizliyi, sabitliyi və rifahı ilə bağlı ümdə məsələlərin həllinə kömək edəcək, xalqlarımızın dinc və firavan inkişafına töhfə verəcəkdir.

Bütün tədbir iştirakçılarını bir daha Qarabağda ürəkdən salamlayır, konfransın praktiki əhəmiyyətli nəticələrlə yekunlaşmasını arzulayıram!".

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Banqladeşdə yeni prezident seçildi 16:53 Ben Qurion Hava Limanı iflic oldu: 107 min sərnişin təhlükə qarşısında 16:24 Bratislavada Azərbaycan fırtınası: iki qadın güləşçimiz yarımfinala çıxdı! 17:08 Hövsandakı "Araz" marketlərdə kartla ödəniş dayandı, sakinlər kassada qaldı 16:52 NBA çempionundan Dubaya böyük dəstək: Tristan Tompson klubun siması oldu! 16:45 Türkiyədən Netanyahunun təhdidlərinə sərt cavab: “Onun oyunlarını puça çıxaracağıq” 16:11 Fernando Alonso üçün yeni dövr başlayır? “Aston Martin”dən mühüm addım 16:04 İran Kaliforniyanı öz ərazisi elan etdi 15:49 “Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı 15:42 UKMTO təcili məlumat yaydı: Yəmən sahillərində tanker ələ keçirildi 15:40 Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 Bütün Xəbərlər